Martın 13-də Bakı Slavyan Universitetində (BSU) Pedaqoji fakültə, Pedaqogika və psixologiya kafedrası, Psixoloqlar Klubunun təşkilatçılığı ilə işarət dilinə həsr olunmuş təlim-seminar keçirilib. Təlimdə Araxçın MMC-nin direktoru Fatimə Süleymanlı, Araxçın MMC-nin Silent Communication komandasının rəhbəri, təlimçi, surdo tərcüməçi Şamil Sabir və 2 nömrəli Xüsusi İnternat məktəbinin müəllimi Silent Communication komandasının koordinatoru, surdo tərcüməçi Könül Quliyeva, Çarə “Sizsiniz” İctimai Birliyinin direktoru Ülviyyə Həsrətova iştirak ediblər.
Təlimdən öncə Pedaqoji fakültənin dekanı, professor Flora Naciyeva qeyd edib ki, 2016-cı ildə pedaqoji fakültənin tərkibində Pedaqogika və psixologiya kafedrası tərəfindən Psixoloqlar Klubu yaradılıb. Klub tərəfindən bir çox maarifləndirici seminarların keçirildiyini deyən dekan işarət dilinə həsr olunmuş təlimi də həmin tədbirlərin nümunəsi kimi dəyərləndirib.
Sonra söz alan təhsildə sosial-psixoloji xidmət ixtisasının III kurs tələbəsi Atlas Qurbanlı gələn qonaqları iştirakçılara təqdim edib, Psixoloqlar Klubunun fəaliyyəti haqqında ətraflı məlumat verib.
Tədbirə dəvət olunmuş Karlara Dəstək Cəmiyyətinin prezidenti Kamran Abbasov jest dili və onun inkişaf tarixi, tədrisi və tətbiqi haqqında geniş söhbət açıb. O qeyd edib ki, hazırda respublikada aktual məsələyə çevrilən jest dilinin tədrisi eşitmə məhdudiyyətli olan insanlar üçün psixoloji xidmətdən, o cümlədən digər xidmətlərdən istifadə edərkən qarşılaşdıqları çətinliyin aradan qaldırılmasında böyük əhəmiyyət daşıyır.
Araxçın MMC-nin Silent Communication komandasının rəhbəri, təlimçi, surdo tərcüməçi Şamil Sabir və 2 nömrəli Xüsusi İnternat məktəbinin müəllimi Silent Communication komandasının koordinatoru, təlimçi, surdo tərcüməçi Könül Quliyeva çıxışlarında uzun illər fəaliyyət göstərdikləri jest dili sahəsi ilə bağlı öz təcrübələrini bölüşüblər.
K.Quliyeva bildirib ki, Silent Communication komandası olaraq bir çox layihələr reallaşdırılıb. Onlardan dekabrın 3-də Nizami Kino Mərkəzində Beynəlxalq Əlillər gününə həsr olunan “Benim dünyam” adlı türk filminin, 1iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan “Madaqaskar” cizgi filminin surdo tərcüməsini və başqa layihələr həyata keçirildiyini vurğulayıb.
Qeyd edək ki, seminardan sonra tələbələr üçün iki aylıq ödənişsiz "Jest dili" tədris kursu təşkil olunacaq. Bu kurs çərçivəsində tələbələr eşitmə məhdudiyyəti olan insanlar ilə ünsiyyətə girmək üçün ehtiyac olan baza bilikləri ilə təmin olunacaqlar. Kursun sonunda eşitmə məhdudiyyəti olan insanlar ilə ünsiyyət vərdişlərinə yiyələnmə səviyyələri sınaqdan keçiriləcək və iştirakçılar müvafiq sertifikatlar ilə təltif olunacaqlar.
BSU-nun Mətbuat Xidməti