Rusiyanın Azərbaycandakı səfiri BSU-da mühazirə oxuyub

               

     Fevralın 1-də Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Nikolayeviç Boçarnikov Bakı Slavyan Universitetində (BSU) mühazirə oxuyub.

       Səfiri qəbul edən BSU-nun rektoru, professor Nurlana Əliyeva onun Azərbaycanda diplomatik fəaliyyətə başladığı qısa müddət ərzində artıq ikinci dəfə BSU-da qonaq olmasından məmnunluq ifadə edib. Rektor bildirib ki, Rusiya-Azərbaycan arasında ikitərəfli münasibətlər bütün sahələrdə öz uğurlu bəhrələrini  verməkdədir. Dostluq və tərəfdaşlıq, eyni zamanda yaxşı qonşuluq münasibətləri iki ölkə arasında əməkdaşlığın bütün sahələrini əhatə edir. Nurlana Əliyeva deyib ki, müstəqillik əldə etdikdən sonra Azərbaycan Respublikası dünyanın bütün ölkələri ilə, xüsusən yaxın coğrafi ərazidə yerləşən dövlətlərlə dinc və mehriban qonşuluq münasibətlərinə əsaslanan xarici siyasət xətti yürütməyə başlayıb. Bu siyasi kursda Rusiya Federasiyası ilə münasibətlər xüsusi yer tutur. Müstəqil dövlət quruculuğu prosesində Rusiya ilə əlaqələri inkişaf etdirmək Ulu Öndər Heydər Əliyevin xarici siyasət kursunda müstəqil istiqamət kimi həyata keçirilib. Hazırda bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev Rusiya ilə Azərbaycan arasında siyasi, iqtisadi, o cümlədən humanitar sahədə əlaqələrin inkişafına mühüm önəm verir. Rusiyanın qabaqcıl universitetləri ilə qurulan əməkadaşlığın yüksələn xətlə inkişaf etdiyini deyən Nurlana Əliyeva BSU-nun Azərbaycanda rusiyaşünaslığın və slavyanşünaslığın əsas mərkəzi olduğunu  diqqətinə çatdırıb.

       Rektorla görüşün ardından səfir Mixail Boçarnikov BSU-da beynəlxalq əlaqələr ixtisası üzrə təhsil alan tələbələr qarşısında “Diplomatiyanın əsasları” mövzusunda mühazirə oxuyub. Səfir diplomatik fəaliyyətə başladığı ilk illərdən bu günə qədər qazandığı təcrübələri gələcək diplomatlarla bölüşüb. O qeyd edib ki, Moskva Dövlət İnstitutunu 1971-ci ildə bitirdikdən sonra elə həmin il SSRİ-nin Efiopiyadakı səfirliyində məsləhətçi-müşavir kimi çalışmağa başlayıb. Buradakı fəaliyyətindən sonra  ilk dəfə Zambiyaya səfir təyin olunmasından danışan M.Boçarnikov Rusiya Xarici İşlər Nazirliyinin Afrika Departamentinin direktoru təyin edildiyi illərdəki diplomatik fəaliyyəti barədə maraqlı məlumatlar verib. Səfir Afrika ilə iş üzrə ixtisaslaşdıqdan sonra fəaliyyət yönünün dəyişməsindən, Rusiyanın Qafqaz siyasəti istiqamətində təcrübələrindən söz açıb.

      Mühazirənin davamında səfir M.Boçarnikov tələbələri maraqlandıran sualları cavablandırıb, onlara diplomatiya ilə bağlı bir sıra tövsiyələr verib.

BSU-nun Mətbuat Xidməti