Ədalət tələb edən özü ədalətli olmalıdır

                 

   İmtahan həm tələbələrin, həm də müəllimlərin son dərəcə məsuliyyətli dövrüdür. Tələbə biliyinin sınağa çəkilməsinə, müəllim isə işinin nəticəsinə görə narahatlıq keçirir. Tərəflər arasında narazılığın yaranması da təbiidir, çünki bəzi hallarda müəllimlərin obyektivliyi və imtahanların şəffaflığı heç də tələbənin marağı ilə üst-üstə düşmür. Bu zaman ali təhsil müəssisələrində imtahan sessiyası dövrü üçün yaradılmış operativ qərargaha və münaqişə komissiyalarına müraciətlər edilir. Amma qeyd etdiyimiz kimi, obyektivliyin yox, marağının təmin edilmədiyini görən bəzi tələbələr yenə də narazı qalırlar...

   Bakı Slavyan Universitetində imtahanların ilk günündən başlayaraq iki mərhələli münaqişə komissiyaları (dekanlıqların nəzdində və universitet üzrə) fəaliyyət göstərir. İmtahanın nəticəsindən narazı qalan tələbəyə öz işi ilə tanış olmaq, hər bir sual üzrə verilmiş qiymətlə bağlı öz fikrini bildirmək, imtahanı yoxlayan müəllimlə polemikaya girmək üçün şərait yaradılır. Tələbə komissiyaya valideyinini də dəvət edə bilir və nəticənin onun iştirakı ilə yoxlanılmasına da imkan yaradılır. Bir sözlə, hər şey obyektivliyin və şəffaflığın təmin edilməsinə, imtahanda yeganə meyarın bilik olduğunun təsdiqinə yönəlib. Bunu imtahanlarda öz biliyi hesabına yüksək nəticə göstərən hər bir tələbə çox yaxşı bilir. Amma problemli tələbələr də var; bəziləri işləyir, bəziləri ailəlidir, yaxud digər səbəbdən imtahanlara lazımi səviyyədə hazırlaşa bilmirlər... Biz onları çox yaxşı başa düşürük, bununla bərabər heç bir ali məktəbin, o cümlədən Bakı Slavyan Universitetinin savadsız, öz ixtisasını kifayət qədər mənimsəməmiş kadr buraxmaq hüququ yoxdur. Çünki onların böyük hissəsi  bizim sabahımız olacaq nəslin təlim-tərbiyəsi ilə, digərləri müxtəlif dövlət strukturlarında idarəetmə işləri ilə, bir başqaları diplomatik korpuslarda Azərbaycanın təmsilçiliyi ilə, yaxud siyasi-ideoloji  fəaliyyətlə məşğul olacaqlar. Universitet isə tələbənin təkcə təhsilinə deyil, həm də onun sonrakı fəaliyyətinə cavabdehdir. Buna görə də ali məktəblər imtahanda zəif nəticə göstərən tələbələri 25 faizə salmaqla, yaxud fərdi və alt qruplarda hazırlığa cəlb etməklə kursu mənimsətməyə, tələbənin hazırlığını yüksəltməyə çalışırlar. Axı həmin tələbə sabah hansısa müəssisədə, idarədə çalışarkən qüsur və nöqsanlara yol verdikdə deyə bilməyəcək ki, universitetdə oxuyanda işlədiyimə, yaxud ailəli olduğuma, uşağım körpə olduğuna görə dərslərimə hazırlaşa bilməmişəm, ona görə də məni bağışlayın! Sabahın məzunu bu problemlə qarşılaşmasın deyə, ali məktəblər bu gün onların problemini həll etməyə çalışır.  Təssüf ki, bir çox tələbələr burada digər maraqların olduğunu iddia edir və təhsil aldıqları ali məktəblər barədə sosial şəbəkələrdə xoşagəlməyən fikirlər yürüdürlər.

   İmtahanların böyük əksəriyyəti yazılı aparıldığından və cavablar kodlaşdırıldığından imtahanlarda qərəzkarlığa və qeyri-obyektivliyə yol vermək barədə absurd fikirlər səslənir. Birincisi, yazılı nəticələr uzun müddət arxivdə qorunub saxlandığından, heç kəs risk edib orada qanunsuzluğa yol verə bilməz. İkincisi, kodlaşdırma müəllimə tələbənin kimliyini müəyyən etməyə imkan vermir. Bu halda hansı qeyri-obyektivlikdən danışmaq olar. Bəli, bilik yeganə meyar olaraq nəticələri müəyyən edir. Bilən tələbə qiymət alır. Bilməyən tələbə isə universitetdən xaric edilmir, sadəcə olaraq buraxdığı nöqsanları aradan qaldırmaq üçün yenidən dərslərə və imtahanlara cəlb edilir.

    Necə deyərlər, problemin həllinə normal bir yanaşma!

    Amma təəssüf ki, son vaxtlar bəzi tələbələr imtahanlarda qiymət ala bilməmələrini və yaxud aşağı nəticə göstərmələrini imtahanlara yaxşı hazırlaşmamaları ilə deyil, tamam fərqli prizmadan şərh etməyə çalışırlar.  “Müəllimlər qəsdən kəsir, məqsədləri var” və s. Özü də anonim və heç bir konkret fakt göstərmədən yazırlar... Dünən hətta bir qrupun imtahanın nəticələrini əks etdirən cədvəlin şəklini belə çəkib sosial şəbəkədə qoymuşdular ki, baxın nə qədər adam kəsilib. Baxdıq və gördük ki, ümumiyyətlə imtahana müxtəlif səbəbdən gəlməyənləri də kəsilənlər sırasında veriblər. Cədvəldə mənfi nəticə göstərən tələbələrin bəzilərini qəbul edib fikirlərini öyrənməyə çalışdıq. Görün nə dedilər? “Hazırlaşmamışdıq, ona görə də kəsildik, imtahanlardan sonra bir də hazırlaşıb imtahan verəcəyik!” Yaxud “Mən yaxşı hazırlaşmışdım, ona görə də yüksək bal topladım”.  Bunu da tələbələr özləri deyir. Onda bəs bəzi tələbələrin sosial şəbəkələrdəki hay-küyü nədən doğur? Bunun cavabı çox sadədir, imtahana hazırlaşmayan tələbə bu yolla, yəni təzyiq, yalan, qarayaxma ilə qiymət almaq istəyir. Bu halda bəs gecələr yuxusuz qalıb, səhərə qədər kirpiyi ilə od götürən tələbə ilə oxumayan, dərsə hazırlaşmayan, öz keyfi ilə gəlib-gedən  tələbə arasında necə fərq qoymaq olar? Ədaləti necə müəyyənləşdirmək olar? Bizcə, ədalət tələb edən tələbə ilk növbədə özü ədalətli olmalı, öz tələbə yoldaşına münasibətdə bu müqəddəs hissi qorumalıdır! Daha sosial şəbəkədə anonim halda qarayaxmalarla məşğul olmamalıdır!

    P.S. Hörmətli tələbələr, sonda onu da xatırlatmaq istəyirik ki, sosial şəbəkələrə müraciətlərdə saysız-hesabsız orfoqrafik, qrammatik, üslubi səhvlərə yol verirsiniz. Universitet tələbəsi üçün adi qrammatik normaları bilməmək yaxşı hal deyil. Axı, sosial şəbəkələrin izləyiciləri bunları görür və sizin biliyiniz haqqında nəticə çıxarırlar... Düz yazmağı, fikrinizi ifadə etməyi öyrənməyə çalışın!