BSU-da qış imtahan sessiyasına start verilib

                

     Bakı Slavyan Universitetində (BSU) yanvar ayının 3-dən etibarən qış imtahan sessiyası başlayıb. Bakı Slavyan Universitetinin rektoru, professor Nurlana Əliyeva imtahan sessiyası ərəfəsində universitetdə ciddi hazırlıq işlərinin aparıldığını, şəffaflığın təmin edilməsi üçün lazımi cür şərait yaradıldığını vurğulayıb. Rektor imtahandan öncə hər bir kursun tələbələri ilə ayrı-ayrılıqda görüş keçirildiyini, onlara öz tövsiyyələrini verdiyini, imtahanlarda biliyin yeganə meyar olmasının izah edildiyini bildirib. O, imtahanlar dövründə tələbələrlə məsləhət saatlarının keçirildiyini də qeyd edib. N.Əliyeva deyib ki, universitetdə imtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, tələbələrinin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması, daxil olan şikayətlərin qısa zamanda araşdırılıb müvafiq qərarların qəbul edilməsi üçün Operativ qərargah və Münaqişə komissiyası yaradılıb.

           Rektor imtahan prosesində operativliyin təmin edilməsi və şəffaflığın artırılması məqsədilə BSU-nun tədris işləri üzrə portalının “Modul 3” bölməsində bütün kurslar üzrə imtahaların nəticələrinin operativ şəkildə elan olunduğunu bildirib. Rektor BSU-da tələbələr üçün imtahan qərargahı ilə canlı bağlantı imkanının yaradıldığını da vurğulayıb. O, yuxarıda adıçəkilən saytda yaradılmış onlayn əlaqə bölməsindən təkcə tələbələrin deyil, valideynlərin də istifadə edərək onları maraqlandıran hər bir sualla bağlı dolğun cavab ala biləcəklərini, imtahan qərargahı ilə birbaşa əlaqə yarada biləcəklərini söyləyib. 

    BSU rektoru universitetdə bütün imtahanların bir qayda olaraq yazılı formada aparıldığını deyib. Qeyd edək ki, qaydalara uyğun olaraq imtahanlararası müddət 3 gündən az olmamalıdır. İmtahanlara ayrılmış vaxt isə 3 saat müəyyənləşdirilib. İmtahan sessiyası ilə bağlı yaradılmış Qərargahın rəhbəri Beynəlxalq münasibətlər kafedrasının müdiri, professor Habil Məmmədovdur. O, imtahanların müşahidə kameraları quraşdırılmış xüsusi auditoriyalarda keçirildiyini bildirir və nəticələrin imtahan başa çatdıqdan az sonra elan edildiyini qeyd edir. Qərargah rəhbəri tələbələrin şikayətlərinə onların özlərinin və valideynlərinin iştirakı ilə baxıldığını, buraxılmış səhvlərin bir-bir izah edildiyini, bir sözlə, ədalətə, obyektivliyə tam zəmanət verildiyini vurğulayır.

    Habil Məmmədov qərargahın iş rejimi barədə də məlumat verib. O, bildirib ki, qərargah imtahandan öncə, yəni  saat 08:30-da işə başlayır. Rektorun 26 dekabr 2018-ci il tarixli 146 saylı əmrinə əsasən yaradılmış qərargah 13 nəfərdən ibarətdir. Qərargah rəhbərinin sözlərinə görə, imtahandan əvvəl qərargah üzvləri tərəfindən auditoriyalara baxış keçirilir, çatışmazlıqlar dərhal aradan qaldırılır. O, imtahanlarla bağlı şikayətlərə əvvəlcə dekanlıq nəzdində fəaliyyət göstərən Münaqişə komissiyalarında, məsələ burada həllini tapmadığı təqdirdə isə universitetin Münaqişə komissiyasında baxıldığını bildirir. H. Məmmədov qeyd edir ki, yanvarın 3-dən etibarən başlayan imtahanlardan qərargaha hələ müraciət daxil olmayıb. Hər gün saat 10:00-dan 13:00-a qədər tələbələrin şikayətləri qərargahda qəbul edilir. Saat 14:00-dan etibarən şikayətlərə baxılır. Şikayətlərin araşdırılmasında valideynlər də iştirak edir. Həmişə olduğu kimi, bu il də imtahan sessiyyası ərzində Mətbuat Xidməti tərəfindən imtahanlara ictimai nəzarəti həyata keçirən mediaturların təşkili nəzərdə tutulub.

   Qeyd edək ki, BSU-da imtahan sessiyası əyani şöbədə fevralın 1-də, əlavə təhsil şöbəsində fevralın 11-də, qiyabi şöbədə isə fevralın 15-də yekunlaşacaq.

BSU-nun Mətbuat Xidməti