BSU-da bu gün 2018-ci ilin son Elmi Şurası keçirilib

                        

     

     Dekabrın 28-də Bakı Slavyan Universitetində Elmi Şuranın son yığıncağı keçirilib. İclasdan əvvəl Elmi Şura üzvləri Ümummilli Lider Heydər Əliyevin BSU-nun foyesində yerləşən büstü önünə əklil qoyublar. 
    BSU-nun rektoru, professor Nurlana Əliyeva çıxışında son iclasın böyük bayramlar ərəfəsinə - Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Gününə təsadüf etdiyini bildirib. O, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün Ulu Öndər Heydər Əliyev tərəfindən bütün dünyadakı azərbaycanlıların birlik və əməkdaşlıq günü kimi tarixləşdiyini, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səyi ilə ildən-ilə daha geniş miqyası əhatə etməkdə olduğunu bildirib. Professor N.Əliyeva Dünya Azərbaycanlılarının Həmrəylik Gününün beynəlxalq aləmdə sülhə və barışa xidmət etdiyini, soydaşlarımız arasında həmrəyliyin daha da inkişafına şərait yaratdığını vurğulayıb. Rektor həmrəyliyin hər bir kollektivdə, müəssisədə, təşkilatda vacib şərt olduğunu bildirib. O, Bakı Slavyan Universitetində də belə bir mühitin hökm sürdüyünü, insanlarımız arasında münasibətlərin əməkdaşlıq və qarşılıqlı hörmətə söykəndiyini qeyd edib. 
     BSU rektoru çıxışının davaında kollektivin uğurlarından, 2018-ci ildə tədris, elm və beynəlxalq əməkdaşlıq sahəsində qazanılmış müvəffəqiyyətlərdən danışıb, bu nailiyyətlərin əldə edilməsində rolu olan universitet əməkdaşlarının hər birinə dərin minnətdarlığını bildirib. O, Hesablama Palatasının BSU-da apardığı yoxlamaların nəticələrinin bu günlərdə müzakirə edildiyini və universitetin fəaliyyətinə yüksək qiymət verildiyini nəzərə çatdırıb. Rektor növbəti ilin “Tədrisdə keyfiyyət ili” olacağını deyib. 
     Professor N.Əliyeva İcmal.az Analitik Təhlil Mərkəzinin Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının texniki dəstəyi ilə 2018-ci ildə keçiridiyi sosioloji sorğunun nəticələrinə görə Bakı Slavyan Universitetinin “İlin ən yaxşi universiteti” nimonasiyası üzrə qalib elan olunduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. Belə bir sorğunun artıq üçüncü dəfə keçirildiyi, inişil M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının, ötən il isə ADA Universitetinin bu ada layiq görüldüyünü qeyd edib.
    Rektor 2018-ci ildə fərqlənmiş bir qrup universitet əməkdaşının diplom və fəxri fərmanlarla təltif edildiklərini, onların Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası İdman və Gənclər Nazirliyi tərəfindən müxtəlif mükafatlara və Fəxri adlara layiq görüldüklərini bildirib. O, ilin yekunlarına görə universitetin təhsil, elm, beynəlxalq əlaqələr və təsərrüfat sahəsində fərqlənmiş, müxtəlif nominasiyalar üzrə qalib gəlmiş aşağıdakı əməkdaşlarına universitetin Həmkarlar İttifaqı Komitəsinin hazırladığı diplomları və hədiyyələri təqdim edib:

İlin ən yaxşı fakültəsi – Tərcümə fakültəsi (fakültə dekanı – prof. Fidan Qurbanova)
İlin ən yaxşı kafedrası – Ədəbiyyat nəzəriyyəsi və dünya ədəbiyyatı kafedrası (kafedra müdiri – prof. Nahidə Məmmədxanova)
İlin ən yaxşı müəllimi (lisey üzrə) – BSU MLK-nın riyaziyyat müəllimi Sevil Ələsgərova 
İlin ən yaxşı gənc müəllimi – Pedaqogika və psixologiya kafedrasının müəllimi Nisə Abdullayeva 
İlin ən yaxşı tədris vəsaiti – Beynəlxalq münasibətlər kafedrasında hazırlanmış “Beynəlxalq münasibətlər tarixi” dərsliyi (müəlliflər: Ləman Qarayeva, Şəhla Nuruzadə, Zümrüd Məlikova) 
İlin ən fəal tədris təşkilatçısı – Qiyabi və əlavə təhsil şöbəsinin metodisti Aydın Əliyev
İlin ən yaxşı tyutoru - Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin tyutoru Leyla Həyatova 
Universitetin təəssübkeşi – Tələbə və məzunlar şöbəsinin müdiri dosent Nəsib Cəbrayılov 
Tələbələrin sevimlisi – Rus ədəbiyyatı kafedrasının müdiri prof. Məmməd Qocayev
İlin ən yaxşı kafedra rəhbəri – Praktik rus dili və onun tədrisi metodikası kafedrasının müdiri prof. Aidə Şahbazova 
İlin ən yaxşı alimi – Azərbaycan ədəbiyyatı kafedrasının müdiri prof. Rəhilə Qeybullayeva 
İlin gənc alimi – Azərbaycan ədəbiyyatı kafedrasının dosenti Sədaqət Əsgərova 
İlin ən yaxşı tələbəsi – Pedaqoji fakültənin IV kurs tələbəsi Orxan Mahmudov
İlin tədbiri - “Müasir cəmiyyət: beynəlxalq münasibətlər, gələcək naminə dialoq” adlı səfirlərin iştirakı ilə Beynəlxalq Dəyirmi masanın təşkilinə görə rektor prof. Nurlana Əliyeva 
Mədəni-kütləvi tədbirlərin təşkilatçısı – Tərbiyə işləri üzrə prorektor f.f.d. Xanım Sultanova 
Universitetin təbliğatçısı – Mətbuat xidmətinin rəhbəri filologiya üzrə fəlsəfə doktoru İbrahim Quliyev 
Universitetin ən maraqlı qonağı – Rusiya Federasiyasının Azərbaycandakı səfiri Mixail Nikolayeviç Boçarnikov 
İlin ən fəal əcnəbi tələbəsi – “İngilis ədəbiyyatı” ixtisası üzrə II kurs magistrantı Kancılar Eren
Ən yaxşı tədris-mədəniyyət mərkəzi – Rusiya tədris-mədəniyyət mərkəzi (rəhbər Gülnarə Novruzova)
Bakı Slavyan Universitetinin dostu – Rus Dili və Ədəbiyyatı Müəllimləri Beynəlxalq Assosiyasiyasının (MAPRYAL) və Sankt-Peterburq Dövlət Universitetinin Prezidenti akademik Lyudmila Alekseyevna Verbitskaya 
Təsərrüfatın təəssübkeşi – Əsas tədris korpusunun komendantı İsmayıl Əliyev)

    İclas çərçivəsində pedoqoji fakültənin bazasında yeni fakültənin yaradılması və həmin fakültədə dekan seçkilərinə qədər dekan vəzifəsinin icrasının dosent Dilara Hacıyevaya həvalə olunması haqqında Elmi Şuranın qərarı qəbul edilib.

   Gündəlikdə müzakirə olunan məsələlərdən biri də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş "Azərbaycanşünaslığın aktual problemləri” beynəlxalq konfransın keçirilməsi məsələsi olub. 

      Professor N.Əliyeva imtahanlara hazırlıq mərhələsinin başa çatdığını və yanvarın 3-dən qış imtahan sessiyasına start veriləcəyini bildirib.
     Sonra Elmi Şurada Jurnalistika kafedrasının dosenti, tanınmış jurnalist Vüqar Rəhimzadənin kafedra üzrə professor vəzifəsinə keçirilməsi barədə qərar qəbul edilib.

BSU-nun Mətbuat Xidməti