BSU-da “Panik ataklara psixoanalitik baxış” mövzusunda təlim keçirilib

                        

   Dekabrın 20-də  Bakı Slavyan Universitetinin Pedaqogika və psixologiya kafedrası nəzdində fəaliyyət göstərən “Sosial-Psixoloji Xidmət Mərkəzi”nin təşkilatçılığı ilə “Panik ataklara psixoanalitik baxış” mövzusunda təlim-seminar keçirilib.

   Avropa Psixoanalitik Psixoterapiya Konfederasiyasının (Vyana, Avstriya) idarə heyətinin üzvü, Azərbaycan üzrə təmsilçi, lisenziyalı psixoanalitik Fariz Səmədovun apardığı təlim-seminarda pedaqoji fakültəninin təhsildə sosial-psixoloji xidmət ixtisası üzrə təhsil alan tələbələri iştirak ediblər.

    Təlimdən öncə Pedaqogika və psixologiya kafedrasının dosenti Gülnarə Həsənova seminarın mahiyyəti barədə danışaraq qonağı iştirakçılara təqdim edib.
    Sonra söz alan Fariz Səmədov Bakı Slavyan Universiteti ilə bağlı müsbət fikirlərini bölüşüb, “Sosial-Psixoloji Xidmət Mərkəzi” tərəfindən keçirilən təlimlərin gələcəyin psixoloqları üçün əhəmiyyətini qeyd edib. F.Səmədov panik ataklarla bağlı klinik müşahidələrə əsaslanan geniş məruzə ilə çıxış edib.
    Panik atakın əlamətlərindən danışan psixoanalitik panik atakın mahiyyət etibarı ilə eqonun müdafiə mexanizmlərinin iflası mənasına gəldiyini qeyd edib.
    Bildirilib ki, panik ataklar keçirən şəxs bir qayda olaraq şüuraltı (basdırılmış) qəzəb və qisas istəyindən əziyyət çəkir. İzah olunub ki, məhz qeyd olunan basdırılmış hisslər fərd üçün şüurlu şəkildə məqbul hesab edilmədiyindən inkar, əksin formalaşması və ləğvetmə kimi müdafiə mexanizmlərindən istifadə olunur.
     İnteraktiv formada keçən təlimin davamında tələbələrlə diskussiya aparılıb, onların çoxsaylı sualları cavablandırılıb.

BSU-nun Mətbuat Xidməti