Məktəblilərimiz Çində keçirilən Beynəlxalq müsabiqədə uğur qazandılar

       

    Bakı Slavyan Universiteti nəzdində Məktəb-Lisey Kompleksinin müəllim və şagird heyəti Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində “Kəmər və Yol - gənclər yaradıcılığı düşərgəsi və müəllimlər üçün təlim” adlı tədbirdə iştirak ediblər.

   Noyabr ayının ikinci yarısına təsdüf edən “Kəmər və Yol - gənclərin yaradıcılığı güşərgəsi və müəllimlər üçün təlim” adlı tədbir Çin Xalq Respub­likasının paytaxtı Pekin şəhərində Çin Xalq Respublikasının Elm və Texnologiya Nazirliyinin dəstəyi, Çin Elm və Texnologiya Assosiasiyasının Uşaq və Gənclər Elm Mərkəzi və Çin Uşaq Elmləri üzrə Təlimatçıları Assosiasiyasının təşki­latçılığı ilə  keçirilmişdir.

  29 ölkənin (Çexiya, Rumıniya, Serbiya, Ukrayna, Türkiyə, Vyetnam, Tay­land, Meksika, Pakistan, Sinqapur, Uqanda, Keniya, Rumıniya, Avstraliya, Kam­boca, İndoneziya, İran, İraq, Filippin, Çin, Malayziya, Myanma, Nigeriya, Tunis, Sudan, Laos PDR, Qazaxıstan, Tacikistan) nümayəndələrinin iştirak etdiyi tədbirdə ölkəmizi  BSU nəzdində Məktəb-Lisey Komp­leksinin müəllimi Gülnar Rəhimova və şagird heyəti Nərmin Abdullayeva, Urfan Rəhimzadə, Arzu Mirizadə, Rəna Rüstəmli və Fidan Xudaverdiyeva  təmsil etmişlər və ən yaxşı komanda işləri, ən yaxşı istehsalçı, ən yaxşı təqdimat və bu kimi mükafatlara layiq görülmüşlər. Eyni zamanda, ölkəmizi adı çəkilən tədbirdə təmsil edən hər bir iştirakçı qeyd olunan mövzular üzrə uşaqlar arasında yaradılmış işçi qruplarda fəal iştirak edərək, münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilmiş, medal və diplomlarla təltif olunmuşlar.

   Qeyd etmək lazımdır ki, yaradılan düşərgə mədəniyyətlərarası mübadiləni gücləndirmək, beynəlxalq konsepsiyanı təşviq etmək və gənc nəslin innovativ təşəbbüs və fəaliyyətinə  ilham vermək missiyasını daşıyırdı. Bu gənc istehsalçılar düşərgəsi bir çox ölkələrin şagirdlərini bir araya gətirərək və vahid komanda yaradaraq, gənc nəslin yaradıcı və sülhpərvər vənəndaşlar kimi formalaşmasına təkan vermə məqsədi güdürdü.

   Şagirdlərimiz Gin Xalq Respublikasının təhsil sistemi ilə yaxından tanış olmuş, Pekin şəhərində fəaliyyət göstərən 80 nömrəli orta məktəbin elmi laboratoriyalarında təcrübəli müəllimlərin rəhbərliyi altında “Intelligent Robot” (İntellektual robot), “Chemistry and Life” (Kimya və həyat), “Biological Tissue Culture” (Bioloji toxuma mədəniyyəti), “Virtual Reality” (Virtual reallıq),  “Digital Video Making” (Rəqəmsal video yaradıcılığı) adlı və bu kimi digər maraqlı layihərdə yaxından iştirak edib, zəngin məlumat və biliklərə yiyələnmişlər.

  Tədbir cərçivəsində alimlər, elm sahəsindən vəzifəli şəxslər və müəllimlər üçün təşkil olunan "Elmi təhsil hamı üçün" Təhsil Forumu bir sıra ölkələrin, o cümlədən respublikamızın  mövcud resursları, qarşılıqlı öyrənmə, elm və təhsil karyerasında öz məsuliyyətlərini yerinə yetirməyin təşviqi və inkişafı,  habelə gənclərin elmi təhsili ilə bağlı təcrübə və düşüncələri haqqında interaktiv müzakirə üçün münbit platforma yaradıb. Qeyd etmək lazımdır ki, bu Forumda Azərbaycan Respublikası Təhsil Nazirliyinin təmsilçısi Yaşar Ömərov məruzəçi qısmində çıxış edərək, ölkəmizdə aparılan təhsil islahatları barədə iştirakçılara geniş məlumat vermişdir.

   Tədbirlər sırasında mədəni-musiqili proqramın yer alması şagirdlərin Çin Xalq Respublikasının tarixi, mədəniyyəti, incəsənəti ilə tanış olmalarına, milli musiqili çıxışlar vasitəsilə öz ölkələrinə xas olan bir sıra adət-ənənələri işıqlan­dırmağa zəmin yaratdı. Şagirdlərimiz milli rəqs ifa etməklə yanaşı, milli şirniyatlarımızı, ölkəmizə dair suvenirləri qonaqlara təqdim etdilər.

   Tədbir çərçivəsində müəllim və şagird heyəti Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı Səfirliyində Fövqəladə və Səlahiyyətli səfir cənab Əkrəm Zeynallı tərəfindən qəbul edilmişlər. Tədbirdə əldə etdikləri uğurlara görə iştirakçıları təbrik edən səfir, Azərbaycan - Çin münasibətlərinin bütün sahələr üzrə dinamik inkişaf etdiyini, xüsusən təhsil sahəsində iki ölkə arasında böyük nailiy­yətlər əldə olunduğunu diqqətə çatdırmışdır.