BSU Elmi Şurasının yığıncağı keçirilib

               

    30 noyabr tarixində Bakı Slavyan Universitetinin Elmi Şurasının iclası keçirilib. İclasda Audit yoxlamasının nəticələri, Hesablama Palatasının Audit qrupunun irəli sürdüyü irad və tövsiyələrin nəzərə alınması istiqamətində fəaliyyətin təşkili, qış sessiyasına hazırlıqla bağlı qarşıda duran vəzifələr, universitet kitabxanasının illik fəaliyyəti, elektron kitabxananın yaradılması istiqamətində görülən işlər, “Azərbaycanda rus dili və ədəbiyyatı” jurnalının fəaliyyəti, tədris prosesinin tədris resursları ilə təminatı vəziyyəti, pedaqoji fakültənin bazasında yeni fakültələrin yaradılması, bakalavriat və magistratura səviyyələrində təcrübənin təşkili, sənədləşmənin aparılması barədə əsasnamələrin müzakirəsi, dərslik, dərs vəsaiti və monoqrafiyaların çapa tövsiyə haqqında, dissertasiya mövzularının təsdiqi, Jurnalistika kafedrasının müdiri Şəlalə Həsənovanın ABŞ-da “İrsimizə atəş açmayın” filminin təqdimatı ilə bağlı hesabatı və digər gündəlikdə duran məsələlər müzakirə olunub.

   İclas gündəliyinin müzakirəsindən əvvəl rektor, professor Nurlana Əliyeva Praktik rus dili və onun tədrisi metodikası kafedrasının dosenti Dilarə Cavadovanı 70 illik yubileyi münasibıtilə təbrik edib, cansağlığı və uzun ömür arzulayıb. Sonra rektor universitetin bir qrup professor-müəllim heyətini, tələbələri və BSU nəzdində Məktəb-Lisey Kompleksinin (MLK) şagirdlərinin elmi-pedaqoji fəaliyyətlərindəki uğurlara  görə sertifikat və təşəkkürnamə ilə təltif edib.

   Rektor “Bilinqva” uşaq yaradıcılığı Mərkəzinin təşkil etdiyi Moskva açıq şəhər müsabiqəsində iştirak edən professor Bella Musayevaya münsiflər heyətinin üzvü kimi, tələbələrdən Rufina Abdullayevaya və BSU nəzdində Məktəb-Lisey Kompleksinin (MLK) şagirdi Fatimə Davudluya “İfadənin fərdi üslubu” nominasiyası üzrə, Mira Mikayılovaya “İfadənin arqumentləşdirilməsi” nominasiyası üzrə sertifikatlar təqdim edib.

   Sonra rektor Nurlana Əliyeva BSU nəzdində Məktəb-Lisey Kompleksi şagirdlərinə Çində “İpək yolu” elmi müsabiqəsində fərqlənmələri münasibətilə qazandıqları medal və diplomları təqdim edib, onlarla xatirə şəkli çəkdirib. N.Əliyeva Çində Azərbaycanı yalnız Məktəb-Lisey Kompleksinin təmsil etdiyini xüsusi vurğulayaraq ölkəmizə gətirdikləri uğura görə MLK  şagirdlərinə minnətdarlığını bildirib.

   Elmi Şuranın davamında Nurlana Əliyeva 28-29 oktyabr tarixlərində Parisdə keçirilən “Uluslararası avropalı türklər və ikidillilik çalışmaları konqresi” adlı konfransda iştirak edən BSU-nun Ədəbiyyat nəzəriyyəsi və dünya ədəbiyyatı kafedrasının müəllimlərindən dosent Ramidə Mirzəfərova, baş müəllimlər Suad Əfəndiyeva, Sevinc Əliyeva və Fatimə Hüseynovanı sertifikat almaları münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar diləyib.

Elmi Şura cari məsələrin müzakirəsi ilə davam edib.

BSU-nun Mətbuat Xidməti