Bakı Slavyan Universitetində noyabrın 15-də BSU və Türkiyənin Reytinq Akademiyasının birgə təşkilatçılığı ilə fəaliyyətə başlayan “Kulturoloji paradiqmalar və yeniləşən Azərbaycan” adlı beynəlxalq elmi konfrans bu gün də öz işini davam etdirib. Konfrans çərçivəsində baş tutan əlamətdar hadisələrdən biri Qazaxıstan Respublikasının L.N.Qumilyov adına Avrasiya Milli Universiteti ilə Bakı Slavyan Universiteti arasında əməkdaşlığa dair memorandumun imzalanması olub. Beynəlxalq razılaşma tədris, tələbə və müəllim mübadiləsi, birgə elmi layihələrin həyata keçirilməsi, mərkəzlərin yaradılması və s. məsələləri əhatə edir. İmzalanma mərasimində çıxış edən BSU-nun rektoru, professor Nurlana Əliyeva rəhbərlik etdiyi ali təhsil ocağının beynəlxalq əlaqələrinin ildən-ilə genişləndiyini vurğulayıb. O, BSU-nun Şərqi Avropanın əksər ölkələrinin, o cümlədən Türkiyə Cümhuriyyətinin, Yunanıstanın nüfuzlu universitetləri ilə sıx əlaqələrə malik olduğunu bildirib. N.Əliyeva Qazaxıstan Respublikasının tanınmış bir universiteti ilə bu memorandumun imzalanmasını əlamətdar hadisə kimi dəyərləndirib. O, Qazaxıstan Respublikasının türk dünyası dövlətləri arasında önəmli yer tutduğunu vurğulayıb və imzalanan memorandumun xalqlarımızın bir-birinə daha da yaxınlaşmasında mühüm rol oynayacağını qeyd edib. Rektor təhsil sahəsində əməkdaşlığın hər iki ölkədə gələcək nəsillərin qarşılıqlı etimad və etibar ruhunda tərbiyəsinə hesablandığını bildirib.
Sonra söz alan L.N.Qumilyov adına Avrasiya Milli Universitetinin professoru Şolpan Zharinbekova təmsil etdiyi unversitetin çox da böyük tarixə malik olmadığını, təxminən 15 il bundan əvvəl yarandığını bildirib. O, qeyd edib ki, Avrasiya Milli Universiteti artıq dünyanın tanınmış təhsil ocaqlarından birinə çevrilib. Ş.Zharinbekova “Kulturaloji paradiqmalar və yeniləşən Azərbaycan” adlı beynəlxalq konfransa Türkiyə Cümhuriyyətinin alimlərinin xüsusi diqqət göstərməsindən məmnunluğunu ifadə edib. O, bunu türk respublikalarının bir –birinə inteqrasiyasının bariz nümunəsi kimi dəyərləndirib. Qazaxıstanlı qonaq təmsil etdiyi universitetin əksər türk respublikları ilə sıx əlaqələrə malik olduğunu bildirib. Ölkəsində Azərbaycana həmişə xüsusi diqqətlə yanaşıldığını deyən Ş.Zharinbekova universitetlər arasında imzalanan bu memorandumun tezliklə öz bəhrəsini verəcəyinə inandığını bildirib.
BSU-nun Mətbuat Xidməti