BSU-da beynəlxalq elmi konfransın açılışı olub

                   

 

   Noyabrın 15-də Bakı Slavyan Universitetində “Kulturoloji paradiqmalar və yeniləşən Azərbaycan” adlı beynəlxalq elmi konfransın açılış mərasimi olub. Bakı Slavyan Universiteti və Türkiyənin Reytinq Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən konfransda bir sıra dövlət rəsmiləri, səfirlər, təhsil ekspertləri və KİV nümayəndələri iştirak ediblər.

   Tədbiri BSU-nun elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov açaraq konfransın məqsəd və əhəmiyyəti barədə qısa məlumat verib. Sonra söz alan BSU-nun rektoru, professor Nurlana Əliyeva Azərbaycan mədəniyyət tarixinə ekskurs edərək xalqımızın milli-mənəvi dəyərlərini mərhələlər üzrə xarakterizə edib. O, Azərbaycan xalqının tarix boyu tolerant və multikultural dəyərlərə üstünlük verdiyini, ədəbi-bədii, ictimai-siyasi, elmi-fəlsəfi fikir tarixində həmin dəyərlərin yerini  konkret tarixi fakt və ədəbi-fəlsəfi nümunələrlə səciyyələndirib. Rektor bugünkü Azərbaycanı qədim və böyük mədəniyyətin varisi adlandırıb.

 Nurlana Əliyeva nitqinin davamında deyib: “Müasir Azərbaycan Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi və Prezident İlham Əliyevin bu gün böyük əzmlə, cəsarətlə həyata keçirdiyi məqsədyönlü strategiyanın uğurları sayəsində sosial-iqtisadi sahədə dünyanın sürətlə inkişaf edən dövlətinə çevrilib. Regionlarımızın inkişafı, yeni iş yerlərinin açılması, təhsil, səhiyyə kimi xalqın həyatında önəmli əhəmiyyəti olan sahələrin yenidən qurulması Azərbaycanın yeniləşməsi, müasirləşməsi deməkdir. Ən ağrılı yerimiz olan Qarabağ probleminin də gec-tez obyektiv həllini tapacağına inanırıq”. 

   Azərbaycanın dünyada mövqeyinin getdikcə möhkəmləndiyini bildirən Nurlana Əliyeva ölkəmizin artıq bəşəriyyəti maraqlandıran geniş spektrli dialoqların, fikir mübadilələrinin, müzakirələrin mərkəzinə çevrildiyini qeyd edib. “Azərbaycanın paytaxtı artıq neçə ildir humanitar və inteqrativ impulsların yaradılması ilə yanaşı, beynəlxalq səviyyədə humanitar çağırışlar həyata keçirir, sivilizasiyalar arasında körpü rolu oynayır, nəzəri və praktiki bilik mübadiləsini həyata keçirmək məqsədi ilə konstruktiv debatlara ev sahibliyi edir. Beynəlxalq təşkilatlara, dünya ölkələrinə və ayrılıqda hər bir şəxsə ünvanlanmış tövsiyələr və müraciətlər buradan yayımlanır. VI Bakı Beynəlxalq Humanitar Forumu beynəlxalq aləmin qarşısında təhsilin və elmin insan kapitalının inkişafına istiqamətləndirilməsini, innovasiyaların iqtisadiyyatın yeni mənbəyinə çevrilməsini, cəmiyyətdə sabitliyin bərqərar olması üçün multikulturalizm siyasətinin həyat tərzi kimi gerçəkləşdirilməsini, regional tərəfdaşlığın gücləndirilməsini, insan təhlükəsizliyini, sülh və davamlı inkişaf naminə mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsini prinsipial məsələ kimi irəli sürmüşdür. Bugünkü konfrans elm və təhsildə sahəsində   həmin Forunmun tövsiyə və tapşırıqlarının mahiyyətindən doğmuşdur”.

    O, Bakı Slavyan Universitetində keçirilən beynəlxalq elmi konfransı Azərbaycanın digər xarici ölkələrlərlə humanitar sahədə qurulan əməkdaşlığının möhkəmləndirilməsi istiqamətində atılan mühüm addım kimi dəyərləndirib və konfransın işinə uğurlar arzulayıb.

    “Kaspi” Mətbuat və Təhsil Mərkəzinin rəhbəri  Sona Vəliyeva çıxışına bu günlərdə Özbəkistanda keçirilən dahi ədibimiz Hüseyn Cavidə həsr olunmuş konfransla bağlı təəssüratlarını bölüşməklə başlayıb. O, Azərbaycan mədəniyyətinin, ədəbiyyatının dünya xalqları arasında yüksək səviyyədə təbliğindən söz açıb. S.Vəliyeva bugünkü Azərbaycanın nailiyyətlərində, müstəqil dövlətimizin əldə etdiyi uğurlarda, onun dünyada tanınmasında Ümummili Lider Heydər Əliyevin misilsiz xidmətlərini xüsusi vurğulayıb. Ulu Öndərin təhsil sahəsindəki xidmətlərinə toxunan S.Vəliyeva onun müstəqil Azərbaycana rəhbərlik etdiyi illərdə ölkəmizdə dövlət gənclər siyasətinin formalaşdığını, gənclərlə bağlı bir çox yeniliklərə imza atıldığını, yeni qurumların təsis olunduğunu, mühüm istiqamətlərin müəyyən edildiyini, Dövlət proqramlarının həyata keçirildiyini bildirib.

   Ege Universitetinin professoru Fikrət Türkmən Azərbaycanla Türkiyə arasında qurulan dostluq əlaqələrinin qədim tarixə malik olduğunu qeyd edib. O, İki qardaş ölkəni birləşdirən bağların humanitar sahədə özünü yüksək səviyyədə biruzə verdiyini vurğulayıb və bu konfransın “bir millət, iki dövlət” siyasətinə daha bir töhfə olduğunu qeyd edib.

   Konfransda çıxış edən L.N.Qumilyov adına Avrasiya Milli Universitetinin professoru Şolpan Zharinbekova iki gün davam edəcək beynəlxalq elmi konfrans çərçivəsində BSU ilə L.N.Qumilyov adına Avrasiya Milli Universiteti arasında müqavilə imzalanacağı barədə məlumat verib. Təmsil etdiyi universitetdə Azərbaycana aid guşə yaradılğını deyən qonaq qaazaxıstanlı tələbələrin Azərbaycan mədəniyyətinə, tarixinə olan marağından söz açıb.

   Təhsil eksperti, professor Şahlar Əsgərov çıxışında kulturoloji paradiqmaların pedaqoji paradiqmalarla tamamlanamasının vacibliyindən danışıb. O, bugünkü tərbiyə sistemində sosiallığın önə çıxarılmasının əhəmiyyətini qeyd edib. Müstəqil Azərbaycanın bu gün tolerant, multikultural dəyərlərin gücləndirilməsində fəallıq göstərdiyini diqqətə çatdıran Ş.Əsgərov bildirib ki, BSU-da keçirilən beynəlxalq elmi konfansın təşkilini yüksək dəyərləndirir. Şahlar Əsgərov respublikamızda müxtəlif humanitar forumların, idman yarışlarının və beynəlxalq tədbirlərin keçirilməsini Azərbaycanın dünyada güclü mövqeyə malik olmasının göstəricisi kimi səciyyələndirib.  

   Sonra konfransın digər iştirakçılarının çıxışları dinlənilib. Türkiyənin Reytinq Akademiyasının professoru Turqay Berksoy konfransın təşkilinə görə BSU rəhbərliyinə minnətdarlıq edib, mədəniyyət və cəmiyyət məsələsi barəsində fikirlərini bölüşüb.

  Çexiya-Azərbaycan Mədəni Əlaqələr Mərkəzinin sədri, Beynəlxalq Diaspor Mərkəzinin Avropa təmsilçisi, Çexiya Texnologiya Universitetinin professoru Azər Kərimov çıxışında Azərbaycanın tanıdılması məqsədilə xaricdə keçirilən tədbirlərdən söz açıb. O qeyd edib ki, Azərbaycan diasporunun fəaliyyəti artıq dünyada öz bəhrəsini verməkdədir.

   Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif  Əsgərov Bakı Slavyan Universiteti tərəfindən keçirilən beynəlxalq tədbirlərin ölkəmizin dünyada nüfuzunun artmasında mühüm rol oynadığını bildirib. O qeyd edib ki, ölkəmizdəki tolerant mühit Ümummilli Lider Heydər Əliyevin müdrikcəsinə formalaşdırdığı dövlət  siyasətinə uyğun olaraq getdikcə möhkəmlənməkdə və inkişaf etməkdədir.

Konfrans BSU-nun “Arzu” rəqs ansambılının hazırladığı milli rəqsin nümayişi ilə başa çatıb.

Qeyd edək ki, konfrans öz işini səkkiz bölmədə iki gün davam etdirəcək.

BSU-nun Mətbuat Xidməti