BSU-da Dövlət Bayrağı Günü münasibətilə elmi-praktik seminar keçirilib

                  

    Noyabrın 8-də Bakı Slavyan Universitetində 9  noyabr- Azərbaycannın Dövlət Bayrağı Günü münasibətilə elmi-praktik seminar keçirilib. Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsi və Azərbaycan multikulturalizmi kafedrasının təşkilatçılığı ilə keçirilən tədbir Dövlət himninin səsləndirilməsi ilə başlanıb.

  Himinin ardından çıxış edən elmi işlər üzrə prorektor, professor Rafiq Novruzov qeyd edib ki, Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən üçrəngli bayrağımız ilk dəfə 1990-cı il noyabr ayının 17-də məhz Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Ali Məclisində Muxtar Respublikanın rəsmi bayrağı kimi təsdiq olunub, 1991-ci il fevralın 5-də isə Azərbaycan Respublikasının rəsmi bayrağı elan edilib. Professor R.Novruzov bildirib ki,ölkəmiz öz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət bayrağı milli suverenliyin simvolu kimi bütün vətəndaşlarımız üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Gəncləri dövlət atributlarına hörmət etməyə, vətənə layiqli addımlar atmağa səsləyən Rafiq Novruzov 9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə hər kəsi təbrik edib.

   Tərbiyə işləri üzrə prorektor, dosent Xanım Sultanova çıxışında Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli bayrağın bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirdiyini vurğulayıb. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilən uğurlu milli dövlət quruculuğu siyasətindən danışan X.Sultanova bildirib ki, vətəndaşlarımızda dövlət rəmzlərinə hörmət hisslərinin aşılanması həmişə diqqət mərkəzində saxlanılır.

    Azərbaycan multikulturalizmi kafedrasının müəllimi Mayya Cəfərquliyeva “ABŞ-da dini plyuralizm: tarixi və mahiyyəti” mövzusunda məruzə ilə çıxış edib. M.Cəfərquliyeva ABŞ-a ezam olunduğu vaxt ABŞ-da dini plyuralizmlə bağlı apardığı tədqiqatlar barədə danışıb.

   Sonra Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin IV kurs tələbəsi  Türkan Məmmədlinin “Müstəqillik dövründə Azərbaycan bayrağı və Konstitusiyası”, Nuhbala Əliyevin “Tolerantlığın tarixi və keçdiyi yol” adlı çıxışı dinlənilib. Tələbələr seminar iştirakçılarına slayd əsasında tarixi faktlara söykənən maraqlı məlumatlar veriblər.

   Azərbaycan multikulturalizmi kafedrasının müəllimi Nərmin Elyasova “Tolerantlığın tipləri” adlı məruzəsində din, dil, cəmiyyət və ailədə özünü göstərən tolerantlıq prinsiplərindən söz açıb.

BSU-nun Mətbuat Xidməti