Çexiyanın dövlət rəsmiləri BSU-da olublar

                     

       

     Noyabrın 6-da Çexiya Respublikasının təhsil, gənclər və idman nazirinin müavini Dana Prudikova, Nazirliyin Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Ladislav Banovets, Çexiyanın Azərbaycandakı səfiri Milan Ekert, səfirin müavini Daniel Putik Bakı Slavyan Universitetində olublar. Qonaqları universitetin rektoru, professor Nurlana Əliyeva qarşılayaraq onlara BSU-nun yaranma tarixi, keçdiyi inkişaf yolu, beynəlxalq əlaqələri və tədris prosesi barədə ətraflı məlumat verib. N.Əliyeva həmçinin Azərbaycan Respublikası ilə Çexiya arasında bütün zamanlarda sıx dostluq əlaqələrinin olduğunu bildirib. Rektor bu münasibətlərin çoxtərəfli olduğunu, elm və təhsil, mədəniyyət  və digər  sahələri  də əhatə etdiyini vurğulayıb. N.Əliyeva Azərbaycan Respublikasının multikultural bir dövlət olduğunu, bütün xalqlara və mədəniyyətlərə burada böyük hörmət və ehtiramla yanaşıldığını diqqətə çatdırıb. Rektor bu günlərdə başa çatan VI Bakı Beynəlxalq Humanitar Forumun Azərbaycanın müasir demokratik və multikultural dəyərlərə sadiq qaldığını bir daha nümayiş etdirdiyini deyib. N.Əliyeva bu prinsiplərin bünövrəsinin Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu və ölkə başçısı İlham Əliyev, birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirildiyini qeyd edib.

     Rektor sonra  BSU-nun Çexiya Respublikasının bir sıra universitetləri ilə sıx əlaqələrinin olduğunu diqqətə çatdırıb. O, Praqada yerləşən Karlov Universitetində Azərbaycan Mərkəzinin fəaliyyət göstərdiyini qeyd edib. Daha sonra rektor Ostrava Univeristeti ilə BSU-nun çoxillik əlaqələrinin tarixinə toxunaraq qeyd edib ki, adıçəkilən ali məktəblə müqavilə ilk mərhələdə bir fakültə çərçivəsində olubsa, bu gün artıq universitetlərarası əməkdaşlıq səviyyəsinə yüksəlib. N.Əliyeva BSU-da Çexiya Mərkəzinin fəaliyyət göstərdiyini, həmin mərkəzdə Çexiyanın tarixinə, ədəbiyyatına, mədəniyyətinə, etnoqrafiyasına aid materialların toplandığını, burada Çexiya ilə bağlı tədqiqatlar aparıldığını deyib. Bundan əlavə, N.Əliyeva BSU ilə Ostrava Universiteti arasında tələbə-müəllim mübadiləsinin keçirildiyini bildirib. Rektor Çexiya Respublikasının digər universitetlərində də Azərbaycan Mərkəzinin açılmasının vacibliyini vurğulayıb və bunun ölkələrarası münasibətlərdə müsbət rol oynayacağını qeyd edib.  

    Çexiya Respublikasının təhsil nazirinin müavini öz növbəsində səmimi qəbula görə BSU rəhbərliyinə minnətdarlığını bildirib və gələcəkdə əlaqələrin daha da genişlənəcəyinə ümidvar olduğunu deyib. O, Azərbaycan Respublikasının regionun sürətlə inkişaf edən ölkəsi olduğunu, Bakının dünyanın inkişaf etmiş şəhərləri sırasında dayandığını söyləyib. Nazir müavini çex dilinin  dünyada yayılmasında maraqlı olduğunu qeyd etməklə yanaşı, Azərbaycan dilinin də çex universitetlərində mənimsənilməsinə dəstək verəcəyini vurğulayıb.

    Sonra qonaqlar BSU-da fəaliyyət göstərən Çexiya Mərkəzində olublar. Professor Elçin Mehrəliyev və mərkəzin müdiri Qəmbər Qəmbərov mərkəzdə görülən işlər barədə qonaqlara məlumat veriblər. Sonda çex dilini öyrənən tələbələr qonaqlar qarşısında çıxış ediblər.

    

                                      BSU-nun Mətbuat Xidməti