BSU-da Türkiyə Cümhuriyyətinin 95 illiyi qeyd olunub

           

     Oktyabrın 30-da Bakı Slavyan Universitetində (BSU) Türkiyə Cümhuriyyətinin yaranmasının 95 illiyinə həsr olunmuş “Cumhuriyet bayramın kutlu olsun, Türkiyem!” adlı tədbir keçirilib. Türkiyə araşdırmaları tədris-mədəniyyət mərkəzinin təşkilatçılığı ilə baş tutan tədbirin əvvəlində Mustafa Kamal Atatürk və silahdaşlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirilib.

      Tədbirdə çıxış edən elmi işlər üzrə prorektor, professor Rafiq Novruzov Cümhuriyyət bayramı ilə bağlı fikirlərini bölüşüb. R.Novruzov  qeyd edib ki, Azərbaycan və Türkiyə arasındakı münasibətlər milli, mənəvi və mədəni dəyərləri ilə bir-birinə eyni köklərlə bağlı olan xalqlarımızın iradəsindən qaynaqlanır.  Prorektor ikitərəfli dostluq əlaqələrinin siyasi, iqtisadi, mədəni, o cümlədən humanitar sahədə özünü göstərdiyini deyib, nitqinin sonunda Cümhuriyyət bayramı münasibətilə tədbir iştirakçılarını təbrik edib.

       BSU-nun tərbiyə işləri üzrə prorektoru, dosent Xanım Sultanova türk millətinin tarix boyu öz torpaqlarını qanı bahasına qoruduğunu, nə qədər türkün qanı var, Cümhuriyyət bayramının hər il təntənə ilə qeyd olunacağını vurğulayıb. O, dərin zəkaya sahib Mustafa Kamal Atatürkün qurduğu Cümhuriyyətin Turan eli üçün böyük əhəmiyyətini qeyd edib.

    Sonra BSU-nun Türkiyə araşdırmaları tədris-mədəniyyət mərkəzinin müəllimi Xəyalə Məcidova 29 Oktyabr Cümhuriyyət bayramının mahiyyəti ilə bağlı “Günün anlamı” adlı məruzə ilə çıxış edib.

      BSU-nun IV kurs tələbəsi Nuhbala Əliyevin slayd əsasında  “Keçmişdən bu günə Cümhuriyyət” adlı türk dilində çıxışı dinlənilib.

    Tədbirdə Universitet nəzdində Məktəb-Lisey Kompleksinin (MLK) şagirdləri Firuzə Qasımzadə və Xədicə Heydərli “Cumhuriyet yaşamdır, yaşasın Cumhuriyet” şeirini türk dilində səsləndiriblər.

   Türkiyə Ərciyez Universitetinin tələbəsi Dilara Yılbaşı “Cümhuriyyət və biz” məruzəsi ilə çıxış edib. Türkiyəli tələbə çıxışı zamanı Cümhuriyyət bayramının bu cür təntənə ilə BSU-da qeyd olunmasını Azərbaycan və Türkiyənin bir millət, iki dövlət olduğunu bir daha sübut etdiyini vurğulayıb, verilən dəyərə görə universitet rəhbərliyinə minnətdarlıq edib.

    Tədbirin davamında BSU-da təhsil alan azərbaycanlı və türkiyəli tələbələrin ifasında “Onuncu Yıl Marşı” və “İzmir Marşı” xor şəklində ifa olunub, “Bu gün”, “Akın-akın Mustafa Kemal Yağıyordu Anadolu`ya, “Cumhuriyet”, “29 Ekim”, “Atatürk” şeirləri səsləndirilib.

    Sonda “Azərbaycan-Türkiyə qardaşlığı” adlı video çarx nümayiş olunub.

BSU-nun Mətbuat Xidməti