Məlum olduğu kimi, bu il sentyabrın 6-dan 9-dək Moskvada “Ədəbi tərcümə mədəni diplomatiya vasitəsi kimi” devizi altında Bədii ədəbiyyat tərcüməçilərinin V beynəlxalq konfransı keçirilib.
İlk dəfə 2010-cu ilin sentyabrında bu deviz altında təşkil olunan konfransda əgər 20 ölkə iştirak etmişdisə, bu il iştirakçı ölkələrin sayı 60-a çatıb. Bundan əlavə, konfransa müasir rus yazıçıları və şairləri Oleq Pavlovun, Kseniya Draqinskayanın, Aleksey Salnikovun, Lev Danilskinin, Aleksandr Arxangelskinin və digər məşhur qələm sahiblərinin qatılması onun nüfuzunun ildən-ilə yüksəldiyini göstərir.
Adıçəkilən konfransda respublikamızı Bakı Slavyan Universitetinin (BSU) elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov təmsil etmişdir. Onun Hafiz Şirazinin rus dilinə tərcüməsi əsasında hazırladığı “Mətnin fəlsəfəsi və onun tərcümədə verilməsi” adlı məruzəsi konfrasnsda böyük maraqla qarşılanmışdır.
Bu günlərdə “Literaturnaya qazeta”da konfransa həsr olunan “Dünya sivilizasiyasının xilasediciləri” adlı məqalədə də həmyerlimizin konfransda yüksək səviyyədə iştirakı öz əksini tapıb.
BSU-nun Mətbuat xidməti