BSU-da Xalq şairi Xəlil Rza Ulutürkə həsr olunmuş gecə keçirilib

                     

     Oktyabrın 15-də Bakı Slavyan Universitetində (BSU) Xalq şairi Xəlil Rza Ulutürkə həsr olunmuş “Xəlil, yenə o yerləri bir gün gəzərsən, deməzsən, bu günə həsrət qalmışam... “ adlı ədəbi-bədii gecə keçirilib.

     Tərcümə fakültəsinin III kurs tələbəsi Ramazan Ramazanovun təşkilatçılığı ilə keçirilən tədbirdə elmi işlər üzrə prorektor, professor Rafiq Novruzov, Tərcümə fakültəsinin dekanı, professor Fidan Qurbanova Xəlil Rza Ulutürkün həm yazıçı, həm şair, eyni zamanda tərcüməçi kimi Azərbaycan ədəbiyyatına nə qədər böyük töhfə verdiyini qeyd ediblər.

      Tədbirdə I kurs tələbəsi Anar Məmmədov və II kurs tələbəsi Vüsalə Quliyeva böyük ədibin yaradıcılığından şeirlər səsləndiriblər. 

       Xəlil Rza Ulutürkün cəsur bir türk övladı olduğunu nəzərə alaraq tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

      Tədbirdə Dağlıq Qarabağ məsələsinə toxunan Ramazan Ramazanov sözü şəhid bacısı, BSU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Xanım Sultanovaya verib. X.Sultanova Xəlil Rzanın Azərbaycan ədəbiyyatına yeni nəfəs gətirdiyini və onun  daim azadlıq eşqi ilə çırpınan ürəyinin, həmçinin inqilab ruhlu olduğunu diqqətə çatdırıb.

      Sonda BSU tələbələrinin ifasında “Torpağın səsi” mahnısı səsləndirilib.

 

                                                              Ramazan Ramazanov,

                                                              Tərcümə fakültəsinin III kurs tələbəsi