BSU-da Çex dili və mədəniyyəti mərkəzinin 8-ci ildönümü qeyd edilib

                                           

        Oktyabrın 15-də Bakı Slavyan Universitetində (BSU) fəaliyyət göstərən Çex dili və mədəniyyəti mərkəzinin yaranmasının 8-ci ildönümü ilə bağlı tədbir keçirilib.

      Tədbiri giriş sözü ilə açan Çex dili və mədəniyyəti mərkəzinin müdiri Qəmbər Qəmbərov mərkəzin yaranma tarixindən söz açıb. O bildirib ki, mərkəz səkkiz il bundan öncə - 2010-cu ilin oktyabr ayında Çexiya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Radek Matulanın dəstəyi ilə yaradılıb. Qəmbər Qəmbərov mərkəzin əsas funksiyasından danışaraq qeyd edib ki, Azərbaycan və Çexiya arasındakı ikitərəfli humanitar əlaqələrin yaranmasında Çex dili və mədəniyyəti mərkəzi körpü rolunu oynayır.

      Tədbirdə çıxış edən BSU-nun elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov universitetdə fəaliyyət göstərən 11 tədris və mədəniyyət mərkəzinin işini yüksək qiymətləndirərək bildirib ki, bu mərkəzlər tərəfindən Azərbaycanla slavyan ölkələri arasında istər siyasi, istər mədəni-elmi istiqamətdə qurulan əməkdaşlığa böyük tövfələr verilib. BSU-da çex dilinin tədrisində, onun yüksək səviyyədə mənimsənilməsində böyük xidməti olan professor və müəllim heyətinin işini müsbət dəyərləndirən R.Novruzov mərkəzin səkkiz illiyi münasibətilə əməkdaşları və tələbələri təbrik edib.

      Beynəlxalq əlaqələr şöbəsinin müdiri Ülviyyə Abbasova mərkəzin beynəlxalq əlaqələrindən söz açaraq deyib ki, Çex dili və mədəniyyəti mərkəzinin müdiri Qəmbər Qəmbərov “ERASMUS+” çərçivəsində yaxın zamanda Çexiyanın Ostrava Universitetində Azərbaycan dilini tədris edəcək. Şöbə müdiri BSU müəllimlərinin Ostrava Universitetində Azərbaycan dilini tədris etməsinin ölkələrimiz arasında münasibətlərdə yeni mərhələ təşkil edəcəyini vurğulayıb.

      Tədbirin davamında Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin dekanı, dosent Şirinbəy Əliyev, Tərcümə fakültəsinin dekanı, professor Fidan Qurbanova təbrik nitqi ilə çıxış ediblər. Ş.Əliyev Bakı Slavyan Universitetinin humanitar sahədəki perspektivindən danışıb, BSU-nun ölkəmizin xarici siyasətində mühüm rola malik olduğunu vurğulayıb.

      Sonda çex dili ixtisası üzrə təhsil alan tələbələrin ifasında çex dilində milli mahnı təqdim olunub.

 

                                                                          BSU-nun mətbuat xidməti