BSU üzrə Tələbə Gənclər Təşkilatının yeni sədri seçilib

                               

                                                           

      Oktyabrın 15-də Bakı Slavyan Universiteti (BSU) üzrə Tələbə Gənclər Təşkilatının (TGT) yeni sədrinin seçilməsi ilə bağlı iclas keçirilib. 

      İclası giriş sözü ilə açan BSU-nun rektoru, professor Nurlana Əliyeva ölkəmizdə həyata keçirilən gənclər siyasətinin hər zaman dövlət siyasətinin mühüm tərkib hissəsi olduğunu vurğulayıb. Rektor indiyə qədər gənclər siyasətinə dair bir sıra proqramların qəbul olunduğunu qeyd edərək bildirib ki, bu proqramlar ölkəmizdə gənclər üçün infrastrukturun yaradılmasından başlamış, onların xaricdə təhsilinə, yaradıcı və elmi fəaliyyətlə məşğul olan gənclərlə yanaşı kütləvi idmanı təbliğ etməklə sağlam gəncliyin formlaşmasına töhfə verməklə çox geniş sahəni əhatə edir. N.Əliyeva qeyd edib ki, bu proqramların nəticəsi olaraq yeni-yeni gənc liderlər yaranır, onlar mühüm sahələrdə Azərbaycan dövlətinə, o cümlədən gəncliyimizin inkişafına bu gün də öz töhfələrini verməkdədirlər. Rektor deyib: “Bir millətin mövcud olması üçün onun sağlam gəncliyinin olması vacib şərtdir. Çünki hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Bu gün Azərbyacanda kifayət qədər savadlı, geniş dünyagörüşlü gənclik formalaşmışdır. Sevindirici tərəf ondan ibarətdir ki, gənclərimiz xaricdə yalnız müxtəlif tədbirlərdə iştirak etmirlər, eyni zamanda onlar müxtəlif beynəlxalq təşkilatların idarə heyətində də yer alırlar. Sevindirici haldır ki, həmin uğurlu gənclərin sırasında Bakı Slavyan Universitetinin məzunları da var”.

      İclasın davamında Bakı Slavyan Universiteti üzrə TGT-nin sədrliyinə namizədliyini irəli sürmüş Pedaqoji fakültənin III kurs tələbələri Məhərrəm Ağazadə, Püstə İmanova, Tərcümə fakültəsinin IV kurs tələbəsi Vaqif Yahyalı, Azərbaycan filologiyası və jurnalistika fakültəsinin II kurs tələbələri Aliyə Məmmədova, Gülər Rahimova, Filologiya və xarici dil müəllimliyi fakültəsinin II kurs tələbəsi Nadir Qədirli, Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin I kurs tələbəsi Murad Əliyev və həmin fakültənin II kurs tələbəsi Aynur Zeynalova namizədliklə bağlı hesabat platforması ilə çıxış ediblər.

      İclas çərçivəsində universitet rəhbərliyinin iştirakı ilə aparılan səsvermə nəticəsində Tərcümə fakültəsinin IV kurs tələbəsi Vaqif Yahyalı BSU üzrə Tələbə Gənclər Təşkilatının yeni sədri seçilib.

 

                                                                               BSU-nun mətbuat xidməti