BSU alimlərinin məqalələri Polşada dərc olunub

                                                  

       Bakı Slavyan Universitetində (BSU) Polşada nəşr olunan “Азиатские исследования. Размышления на тему политики и демократии” və “Nowa. Polityka Wschodnia” jurnallarının təqdimat mərasimi olub. Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru, professor Nurlana Əliyeva öncə Polşadan mühazirə oxumaq üçün BSU-ya gəlmiş müəllimlərə - Nikolay Kopernik adına Universitetin doktoranturaya qəbul şöbəsinin müdiri, professor Donuta Pleçka və Adam Marşalek adına Mətbuat Evinin prezidenti, professor Yoanna Marşalekinə BSU-dakı səmərəli fəaliyyətlərinə görə dərin minnətdarlığını bildirib. O, Polşada nəşr olunan elmi məcmuələrdə BSU-nun professor və müəllim heyətinin məqalələrinin çap olunmasını böyük uğur kimi dəyərləndirib. 

       Sonra çıxış üçün söz alan elmi işlər üzrə prorektor, professor Rafiq Novruzov bu uğurun təməlinin 2016-cı ildə BSU-nun Adam Marşalek adına Polşa Mətbuat Evi ilə müqavilə imzalanması zamanı qoyulduğunu bildirib. O, “Nowa. Polityka Wschodnia” jurnalının redaksiya heyətində BSU-nun rektoru, professor N.Əliyevanın və professor R.Novruzovun təmsil olunmasını Polşa ilə Azərbaycan arasında elmi əməkdaşlığın genişlənməsi sahəsində uğurlu addımlardan biri kimi qiymətləndirib. O, eyni zamanda Polşa ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində A. Marşalekin nəvəsi Zuzana Kavanın “Anya Vud və muzey ruhları” kitabıının Azərbaycan dilinə çevrilməsini və nəfis şəkildə nəşr olunmasını qeyd edib.

       Universitetin tədris işləri üzrə prorektoru, professor T.Cəfərov Bakı Ekspo Mərkəzində Təhsil Nazirliyinin dəstəyi, “Caspian Event Organisers” (“CEO”) şirkətinin təşkilatçılığı ilə keçirilən XII Azərbaycan beynəlxalq təhsil sərgisinin (“Education 2018”) açılışında adıçəkilən məcmuələrin təhsil naziri Ceyhun Bayramovun və Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyevanın diqqətini xüsusi olaraq çəkdiyini bildirib. O, bu istiqamətdə fəaliyyətin genişləndirilməsinin tərəfdarı olduğunu deyib.

      “Nowa. Polityka Wschodnia” jurnalında professor N.Əliyevanın, İ.Həmidovun, X.Babaşovanın və digər BSU alimlərinin elmi məqalələri işıq üzü görüb. “Азиатские исследования. Размышления на тему политики и демократии” jurnalında isə R.Novruzovun, T.Cəfərovun, A.Məmmədlinin, Ə.Əhmədin, X.Mürsəliyevanın tarix, dil, mədəniyyət və ədəbiyyat məsələləri ilə bağlı elmi yazıları dərc olunub.


                                                                                   BSU-nun mətbuat xidməti