Sentyabrın 28-29-da Türkiyənin İhsan Doğramacı adına Bilkənd Universiteti, Yunus Əmrə İnstitutu və Varşava Universitetinin birgə təşkilatıçılığı ilə Polşa Respublikasının Varşava Universitetində XIII Uluslararası Böyük Türk Dili Qurultayı keçirilib. Qurultayda Bakı Slavyan Universitetini (BSU) Türkologiya kafedrasının dosenti Xatirə Abdullayeva uğurla təmsil edib.
Qurultayın açılış mərasimi Varşava Universitetində baş tutub. Açılışdan sonra bölmə iclasları öz işinə başlayıb. Xatirə Abdullayeva “Dədə Qorqud Kitabı”nın dilində ərəbizmlərin morfoloji quruluşu və derivitoloji sistemdə yeri” adlı məruzə ilə çıxış edib. Məruzə maraqla qarşılanıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan Respublikasının Polşadakı fövqəladə və səlahiyyətli səfiri, professor Həsən Həsənov Azərbaycandan qurultaya qatılmış akademik heyətlə görüşüb. “Müstəqil Azərbaycan və Polşa uğrunda mübarizlərin xatirəsinə” abidəsi ziyarət olunduqdan sonra səfirlik tərəfindən Azərbaycan nümayəndə heyətinin şərəfinə ziyafət verilib. Səfir H.Həsənov dosent Xatirə Abdullayevanı “Azərbaycan-Polşa əlaqələrinin möhkəmlənməsində xidmətlərinə görə” medalı və diplomu ilə təltif edib.
Proqram üzrə Qurultay iştirakçıları Varşava şəhərinin görməli yerlərinə səyahət edib, şəhərlə yaxından tanış olublar. Bağlanış mərasimində təmsilçimizə təşkilat komitəsi tərəfindən sertifikat təqdim olunub.
Universitetimizə gətirdiyi uğura görə dosent Xatirə Abdullayevanı təbrik edir, yeni nailiyyətlər arzulayırıq.
BSU-nun mətbuat xidməti