Oktyabrın 8-də Bakı Slavyan Universitetinin (BSU) Pedaqogika-psixologiya kafedrası nəzdində Sosial-Psixoloji Xidmət Mərkəzinin təşkilatçılığı ilə Ümumdünya Psixi Sağlamlıq gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirin əvvəlində Pedaqogika-psixologiya kafedrasının müdiri, dosent Sevinc Axundova bildirib ki, oktyabrın 10-u Ümumdünya Psixi Sağlamlıq Günü kimi qeyd edilir. S.Axundovanın sözlərinə görə, bu münasibətlə BSU-da Pedaqogika-psixologiya kafedrası nəzdində Sosial-Psixoloji Xidmət Mərkəzi tərəfindən oktyabrın 12-ə qədər silsilə mühazirələr təşkil olunub.
Pedaqogika və psixologiya kafedrasının dosenti Gülnarə Həsənova iştirakçılara Sosial-Psixoloji Xidmət Mərkəzinin işi barədə ətraflı məlumat verib, mərkəzin üç illik fəaliyyətini əks etdirən slaydı təqdim edib. Sosial-Psixoloji Xidmət Mərkəzinin bu illər ərzində mühüm layihələr həyata keçirdiyini deyən G.Həsənova təhsildə sosial-psixoloji xidmət ixtisası üzrə təhsil alan BSU tələbələrinin qatıldığı maarifləndirici tədbilər, yüksək nailiyyətlərinə görə aldıqları sertifikatlar və digər işlər barədə söz açıb. O bildirib ki, kafedra nəzdində yaradılan Tələbə Psixoloqlar Klubuna üzv olan tələbələr mütəmadi olaraq Bakıdakı “SOS Uşaq Şəhərciyinə baş çəkir, oradakı uşaqlarla artıq peşəkar psixoloq kimi məşğul ola bilir, onlarla ünsiyyətə girir, uşaqların problemləri ilə daim maraqlanırlar. Mərkəzin qatıldığı beynəlxalq konfranslardan danışan G.Həsənova vurğulayıb ki, sosial-psixoloji xidmət ixtisası üzrə təhsil alan tələbələrin elmi məqalələri Rusiyada dərc olunub. BSU-ya yeni qəbul olan tələbələri mərkəzin fəaliyyətində iştirak etməyə səsləyən Gülnarə Həsənova mərkəz tərəfindən tələbələr üçün təşkil olunan art terapiya, qum terapiyası ustad dərslərindən də söz açıb.
Tədbir Pedaqogika-psixologiya kafedrasının müəllimi Nisə Abdullayevanın “Psixi sağlamlığın meyarları” adlı mühazirəsi ilə davam edib. N.Abdullayeva bildirib ki, Ümumdünya Psixi Sağlamlıq günü 1992-ci ildən Ümumdünya Psixi Sağlamlıq Federasiyasının təşəbbüsü ilə BMT-də qeyd olunan beynəlxalq günlər siyahısına daxil edilib və Azərbaycanda 2005-ci ildən bəri qeyd olunur.
Sonra müəllim və tələbələr arasında aparılan “Psixi sağlamlığın meyarları” adlı sorğunun videosu təqdim olunub.
Mühazirənin davamında mövzu ilə bağlı müzakirələr aparılıb.
BSU-nun mətbuat xidməti