BSU rektoru birinci kurs tələbələri ilə görüşüb

                                                              

                                               

         Oktyabrın 3-də Bakı Slavyan Universitetinin rektoru, professor Nurlana Əliyeva və universitetin prorektorları - professor Rafiq Novruzov, professor Telman Cəfərov, dosent Xanım Sultanova birinci kurs tələbələri ilə görüşüblər.

       BSU-nun rektoru Nurlana Əliyeva tədbiri açaraq universitetə bu il qəbul olan tələbələri təbrik edib. Rektor BSU-nun keçdiyi tarixi yola nəzər salaraq onun 2000-ci ildə Ulu öndər Heydər Əliyevin təşəbbüsü və xeyir-duası ilə M.F.Axundov adına Rus Dili və Ədəbiyyatı İnstitutunun bazasında yaradıldığını bildirib. N.Əliyeva hazırda universitetin geniş beynəlxalq əlaqələrə malik olduğunu, BSU-da 11 tədris-mədəniyyət mərkəzinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Ölkəmizdə həyata keçirilən təhsil siyasətindən danışan N.Əliyeva Prezident İlham Əliyevin təhsil sahəsində apardığı islahatlardan, ölkə gəncləri üçün yaradılan şəraitdən söz açıb. Rektor BSU-nun region universitetləri arasında özünəməxsus mövqeyi olduğunu vurğulayaraq bu ali təhsil müəssisəsində gənclər üçün yaradılan imkanlardan danışıb. O bildirib ki, BSU tələbələrinin istər təhsil sahəsində, istərsədə ictimai işlərdə qazandığı uğurlar Azərbaycanın parlaq gəncliyinin bariz nümunəsidir. Bununla bərabər, rektor gənclərin milli-mənəvi dəyərlərə ehtiramla yanaşmasının önəmini qeyd edib.

        Bakı Slavyan Universitetində yeganə meyarın bilik və tərbiyə olduğunu xatırladan rektor birinci kurs tələbələrinə yüksək səviyyəli mütəxəssis olmaq istiqamətində öz tövsiyələrini verib.

        Sonra pedaqoji fakültənin üçüncü kurs tələbəsi Orxan Mahmudov BSU-da yaradılan karyera imkanlarına, səmərəli mühitə görə universitet rəhbərliyinə minnətdarlıq edib, tələbəlik illəri ərzində qazandığı təcrübəni birinci kurs tələbələri ilə bölüşüb.

           Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb.

BSU-nun mətbuat xidməti