Həştərxan Dövlət Universitetinin rektor əvəzi BSU-da olub

                           

 

       Sentyabrın 28-də Bakı Slavyan Universitetinin (BSU) rektoru, professor Nurlana Əliyeva Həştərxan Dövlət Universitetinin (HDU) rektor əvəzi Konstantin Alekseyeviç Markelovu qəbul edib. Görüş zamanı Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlığın tarixinə toxunan BSU rektoru Azərbaycanda rus dili və ədəbiyyatına həmişə xüsusi diqqət yetirildiyini vurğulayıb. N.Əliyeva Ümummilli lider Heydər Əliyevin ölkələrimiz arasında münasibətlərin inkişafı istiqamətində gördüyü işlərdən danışıb. Rektor həmin əlaqələrin bu gün də Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.

        BSU rektoru daha sonra Rusiya Federasiyasının ali məktəbləri ilə BSU arasında dostluq və əməkdaşlıq münasibətləri barədə məlumat verib. BSU-nun Həştərxan Dövlət Universiteti ilə də çoxillik əlaqələrinin tarixinə toxunan N.Əliyeva yeni müqavilədən sonra univesitetlərarası münasibətlərin daha çox sahəni əhatə edəcəyini diqqətə çatdırıb.

       Səmimi qəbula görə BSU rəhbərliyinə minnətdarlığını bildirən Həştərxan Dövlət Universitetinin rektor əvəzi Konstantin Alekseyeviç Markelov Bakı ilə Həştərxanın tarixən səmimi və isti münasibətlərə malik olduğunu nəzərə çatdırıb. O, həmin əlaqələrin bu gün nəinki qorunub saxlanıldığını, həm də genişləndiyini, intensiv xarakter aldığını vurğulayıb. Dostluq və əməkdaşlıq münasibətlərinin rəsmi müqaviləyə çevrilməsini irəliyə doğru yeni addım kimi dəyərləndirən rektor əvəzi bunun həm də gələcək nəsillərin taleyində mühüm rol oynayacağını bildirib.

        Sonda tərəflər arasında müqavilə imzalanıb. Müqaviləyə görə, BSU və Həştərxan Dövlət Univesiteti tələbə-müəllim mübadiləsi həyata keçirəcək. Həştərxan Dövlət Universitetinin müəllimləri BSU-da ixtisasartırma kurslarında iştirak edəcək. Danışıqlar zamanı Həştərxan Dövlət Universitetində yaradılacaq Azərbaycan tədris mədəniyyət mərkəzinə BSU tərəfindən elmi-metodiki dəstəyin göstərilməsi məsələsinə də toxunulub.

BSU-nun mətbuat xidməti