Sentyabrın 24-də Bakı Slavyan Universitetinin (BSU) rektoru, professor Nurlana Əliyeva universitet üzrə Tələbə Gənclər Təşkilatının (TGT) üzvləri ilə görüşüb.
Dəyirmi masada giriş sözü ilə çıxış edən rektor Nurlana Əliyeva BSU-da nəzərdə tutulmuş mühüm işlərdən, gələcək planlardan söz açaraq universitetdə keçirilən tədbirlərdə gənc fəalların rolundan danışıb. N.Əliyeva qeyd edib ki, bu işlərin öhdəsindən gəlmək üçün ilk növbədə məsuliyyət, yüksək səviyyəli təhsil və təcrübənin olması vacib şərtdir. Təhsilə və elmə yiyələnməyin vacibliyini xüsusi vurğulayan Nurlana Əliyeva mənəvi tərbiyənin gənclərin qarşısında duran əsas vəzifələrdən biri olduğunu qeyd edib. Rektor deyib: “Ulu öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin əsas istiqamətlərindən biri gənc nəslə diqqət və qayğının artırılması, respublikamızın ictimai-siyasi həyatında onların fəal iştirakının təmin olunması, yeni nəslin gələcəyin layiqli vətəndaşları kimi formalaşması üçün münbit şəraitin yaradılması idi”.
Bu gün Azərbaycan dövlətinin gənclərə daha böyük diqqət və qayğı göstərməsindən söz açan N.Əliyeva ölkə gənclərinin öz fəaliyyəti ilə onlara olan etimadı hər an doğrultduğunu və Prezidenti İlham Əliyevi daim dəstəklədiyini, onun rəhbərliyi altında dövlətçiliyimizin keşiyində mətanət və ləyaqətlə dayandığını vurğulayıb. Rektor milli dəyərlərimizi, ənənələrimizi, dilimizi, tariximizi yaxşı bilməyən gəncin vətənpərvər ola bilməyəcəyini söyləyib.
Sonda N.Əliyeva müstəqilliyin böyük nemət olduğunu və hər bir gənci müstəqilliymizin qorunması sahəsində üzərinə düşən vəzifəni yerinə yetirməyə çağırıb.
İclasın davamında BSU üzrə TGT-nin sədr əvəzi Vaqif Yəhyalının və BSU üzrə YAP Gənclər Birliyinin üzvü Münasib Əliyevin hesabatı dinlənilib.
BSU-nun mətbuat xidməti