Bolqarıstanın müdafiə naziri BSU-da olub

           

 

       Sentyabrın 26-da Bolqarıstanın Baş nazirinin ictimai asayiş və təhlükəsizlik üzrə müavini – müdafiə naziri Krasimir Karakaçanovun rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Slavyan Universitetində olub. Universitetin tələbələri qonaqları foyedə bolqar dilində salamladıqdan sonra Azərbaycanın və Bolqarıstanın milli rəqslərini təqdim ediblər. 

       Nümayəndə heyətini qəbul edən universitetin rektoru, professor Nurlana Əliyeva Bolqarıstan Respublikası ilə Azərbaycan arasında dostluq münasibətlərinin tarixindən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikası ilə əlaqələrin genişləndirilməsi sahəsində gördüyü işlərdən danışıb. N.Əliyeva bu gün dünya üçün ən vacib məsələ yer üzündə sülhün qorunub saxlanılması olduğunu dilə gətirib. Rektor qeyd edib ki, məhz sülh və əmin-amanlığın nəticəsidir ki, ölkələrimizdə gənclər yüksək səviyyədə təhsil ala bilirlər. O, Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikasının təhsil sahəsində sıx əməkdaşlıq etdiyini vurğulayıb. N.Əliyeva bildirib ki, bu gün BSU-da 64 nəfər gənc bolqar dilini, onun tarixini, ədəbiyyatını, etnoqrafiyasını öyrənir. Rektor əlavə edib ki, Bolqarıstanın məşhur universitetləri ilə BSU arasında hər il tələbə-müəllim mübadiləsi həyata keçirilir. 

      N.Əliyeva ötən il Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetində, Müqəddəs Kiril və Mefodiy adına Veliko Tırnovo, həmçinin Bolqarıstanın Milli və Dünya Təsərrüfatı universitetlərində olduqlarını və həmin ali məktəblərdən xoş təəssüratlarla ayrıldıqlarını diqqətə çatdırıb. O, bu dostluq və əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə ümidvar olduğunu bildirib.

      Bolqarıstanlı qonaq öz növbəsində səmimi qəbula görə universitet rəhbərliyinə təşəkkürünü bildirib. O, Bolqarıstan dövlət rəhbərliyinin ölkələrimiz arasında dostluq və qardaşlığın genişlənməsi istiqamətində səylərindən danışıb. Nazir BSU-da bolqar dilinin, tarixinin, ədəbiyyatının və etnoqrafiyasının öyrənilməsindən məmnun qaldığını da qeyd edib.

      Sonra qonaqlar BSU-da fəaliyyət göstərən Bolqar dili və mədəniyyəti mərkəzində olublar. Onlar burada müstəqillik dövründə Azərbaycanla Bolqarıstan Respublikası arasında dostluq əlaqələrini əks etdirən eksponat və şəkillərlə tanış olublar.

 

BSU-nun mətbuat xidməti