Almaniyalı soydaşımız BSU-da mühazirə deyib

                                                                        

   Sentyabrın 21-də Bakı Slavyan Universitetinin ikinci tədris binasında Azərbaycan ədəbiyyatı kafedrasının dəstəyi ilə Berlin Humboldt Universitetinin aspirantı Asif Məsimov "Malakan və duxoborlar. Xristian sektantların Çar Rusiyasının XIX əsrdə Cənubi Qafqaz siyasətində rolu" mövzusunda muhazirə deyib.

   Çıxış sözü ilə tədbiri açan Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, professor Rahilə Qeybullayeva gənc aspirant barədə iştirakçılara məlumat verib. Almaniyalı soydaşımızın təqdim etdiyi mövzunun aktuallığını qeyd edən professor R.Qeybullayeva XIX əsrdə xristian sektantların Çar Rusiyasının siyasəti ilə Cənubi Qafqaza gəlmələrinin əsas səbəblərini açıqlayıb və sözü Asif Məsimova verib.

   Gənc araşdırmacı Asif Məsimov öz mühazirəsində duxobor və malakan dini sektaların yaranması, eləcə də Çar Rusiyasında yayılması haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. A.Məsimov adı çəkilən dini azlıqların Cənubi Qafqaza köçürülməsi, yeni mühitə uyğunlaşmaları, yerli əhali ilə inteqrasiyası və bu kimi başqa məsələlərdən geniş şəkildə söz açıb.

   Mühazirədə iştirak edən BSU-nun digər kafedralarının əməkdaşları və tələbələr  mövzu ilə bağlı gənc aspirantla maraqlı fikir mübadiləsi aparıblar.

   Mühazirəçi BSU tələbələrinin Almaniyada təhsil sistemi və təhsilin səviyyəsi ilə bağlı fərqli sualları cavablandırıb.

   Sonda Asif Məsimov ona yaradılmış şəraitə və dəstəyə görə BSU rəhbərliyinə, həmçinin şəxsən professor Rəhilə Qeybullayevaya öz minnətdarlığını bildirib.

 

Rahim Qaraşov,

BSU-nun Jurnalistika fakültəsinin II  kurs tələbəsi