BSU jurnalistlərinə sertifikat təqdim olunub

            

    Sentyabrın 19-20-də Bakıdakı Rus mədəniyyət-informasiya mərkəzində  Rusiyanın Xalqlar Dostluğu Universiteti (RXDU) ilə adı çəkilən informasiya mərkəzinin birgə təşkil etdiyi "Rəqəmsal dövrdə jurnalistikanın inkişaf tendensiyaları" mövzusunda mühazirə-seminar keçirilib.

   Seminarda RXDU-nun Filologiya fakültəsinin dekanı, həmçinin Jurnalistika kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Viktor Vladimiroviç Barabaş, piar-texnoloq, siyasi elmlər namizədi, dosent Sergey Vodopedov, RXDU-nun filologiya fakültəsinin xarici dillər kafedrasının müdiri Yuliya Nikolayevna və Moskva Dövlət Universitetinin məzunu, filologiya elmləri namizədi, tanınmış jurnalist Anar Həsənov mövzu ilə bağlı maraqlı mühazirələrlə çıxış ediblər.

   Proqram üzrə MDB ölkələrində rusdilli jurnalistlər üçün nəzərdə tutulan və həyata keçirilən tədbirdə Bakı Slavyan və Bakı Dövlət Universitetlərində jurnalistika ixtisası üzrə təhsil alan tələbələr iştirak ediblər.

   Tədbirdə Viktor Vladimiroviç Barabaş  jurnalistlərin sosial-siyasi sahədəki fəaliyyətlərinin önəmindən, Azərbaycanın beynəlxalq əlaqələrinin inkişafından, Rusiya - Azərbaycan münasibətlərindən geniş söz açıb. Bütün sahələr kimi jurnalistikanın da özünəməxsus xüsusiyyətlərə, qayda və yaradıcılıq sirlərinə malik peşə olduğunu qeyd edən qonaq keyfiyyətli materialların ərsəyə gəlməsində əhəmiyyətli rol oynayan zəruri məqamlara toxunub. O bildirib ki, peşəkar jurnalist statusunu almaq istəyən iddialı tərəfin informasiya duyumu, zəngin dünyagörüşü, intellektual bazası olmalı, yazıb-yaratmaq istəyi, həvəs və marağı sərhəd tanımamalıdır.

   Tədbirdə iştirak edən tanınmış jurnalist, politoloq Tofiq Abbasov qonaqları, eləcə də seminar iştirakçılarını salamlayıb. O, gənc jurnalistlər üçün belə seminarların keçirilməsinin daha çox vacib olduğunu qeyd edərək həmkarlarına öz işlərində uğurlar arzulayıb.  

   Öz mühazirəsini "Müasir mass-medianın əsas dünya trendləri" mövzusu üzərində quran dosent Sergey Vodopedov müasir dövrdə jurnalistikanın, əsasən kommunikasiyadan asılı olduğunu qeyd edib. Müasir jurnalistikanı yeni mediasız təsəvvür olunmadığını xüsusi ilə vurğulayıb.

   Tanınmış azərbaycanlı jurnalist Anar Həsənov "Postsovet media-məkanında Rusiya haqqında təsəvvürü formalaşdıran amillər" mövzusunda maraqlı çıxış edib. Anar Həsənov Azərbaycanla Rusiya arasında iqtisadi-siyasi, mədəni, eləcə də digər sahələr üzrə bir-birinə sıx bağlı olduğunu seminar iştirakçılarının nəzərinə çatdırıb və bu amillərin iki ölkə arasındakı mövcud dostluğun daha da möhkəmlənməsi üçün əhəmiyyətli olduğunu deyib.

    İki gün keçirilən tədbirin sonunda təşkilatçılar tərəfindən seminar iştirakçılarının hər birinə sertifikat təqdim olunub.

   Sonda Bakı Slavyan Universitetinin Jurnalistika kafedrasının müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Mübariz Əhmədov çıxış edərək bu kimi mühazirə-seminarların keçirilməsi və maraqlı fikir mübadiləsi aparılmasının gənc jurnalistlər üçün olduqca əhəmiyyətli olduğunu deyib. O, gənc jurnalistlərlə bərabər peşə yönündə qatıldığı tədbirdən razı qaldığını vurğulayıb və tədbiri təşkil edənlərə, həmçinin  mühazirəçilərə dərin təşəkkürünü bildirib.