Moskva Linqivistik Universiteti Bakıda konfrans keçirəcək

                                                   

    Qeyd etdiyimiz kimi, Bakı Slavyan Universitetinin prorektoru, professor Rafiq Novruzov sentyabrın 6-dan 9-dək Moskvada bədii ədəbiyyat tərcüməçilərinin V Beynəlxalq konqresində iştirak edib. Konqres “Ədəbi tərcümə mədəni diplomatiya vasitəsi kimi” devizi altında keçirilib. Konqresin iş rejimi, qarşısına qoyduğu məqsəd və vəzifələr barədə danışan R.Novruzov onun iki ildən bir keçirildiyini vurğulayıb. O, ilk dəfə 2010-cu ilin sentyabrında təşkil olunan konqresdə cəmi 20 ölkədən 150 tərcüməçinin iştirak etdiyi halda, bu il 56 ölkədən 400 nəfər tərcüməçinin konqresə qatıldığını deyib. R.Novruzov konqresin işində böyük keyfiyyət dəyişikliyinin olduğunu da vurğulayıb. Professor deyib ki, bu dəfə tərcümənin heç bir nəzəri aspekti diqqətdən kənarda qalmamamışdı. R.Novruzov konqresin öz işinə 31-ci beynəlxalq kitab sərgisi çərçivəsində A.S.Puşkin adına kitabxanada Moskva meri ilə görüşlə başladığını bildirib. BSU prorektoru daha sonra müasir dövrün tanınmış yazıçıları Aleksanr Arxangelski və Şamil İqnatulinlə maraqlı dialoqun baş tutduğunu qeyd edib.

         R.Novruzov konqresdə öz məruzəsinin xüsusi maraqla qarşılandığını bildirib. Professor deyib ki, əksər nümayəndələr konqresdə rus bədii nümunələrinin Qərb dillərinə tərcüməsindən danışdığı halda, o, fars orijinalından ruscaya çevrilmiş mətnlərdə təsəvvüf və irfani istilahların mahiyyətinin saxlanılması probleminə toxunub. “Mənim mövzum Hafiz Şirazinin əsərlərinin rus dilinə tərcüməsi zamanı mətnin fəlsəfəsinin verilməsi barədə idi. Mən sufiliyin eşq, ilahi məqam, mey, zülf və s. kimi dəyərlərinin tərcümə prosesində ötürülməsi məsələləri ətrafında danışdım. Məqaləm çox yaxşı qarşılandı. İrandan gəlmiş Zəhra adlı alim öz çıxışında mənim məruzəmin dəyərini xüsusi qeyd etdi”.

         R.Novruzov belə bir konqresin Azərbaycanda da təşkil olunmasının tərəfdarı olduğunu bildirib. O deyib: “Azərbaycan müstəqil dövlətdir, biz bu gün rus dili ilə yanaşı, həm Qərb, həm də Şərq xalqlarının dillərindən birbaşa tərcümələr barədə düşünməliyik. Bunun üçün isə bizdə yeni tərcüməçilər nəsli yetişməlidir. Əgər Bakıda belə bir elmi konfrans təşkil olunsa, düşünürəm ki, problemləri hərtərəfli müzakirə edə və bu işi canlandıra bilərik. Ən yaxşı tərcümələrə görə mükafatlar da təsis etmək olar”.

     R.Novruzov Moskva Linqivistik Universitetinin Gənc Tərcüməçilər Məktəbinin hər il bir ölkədə elmi konfrans keçirdiyini xatırladıb və qeyd edib ki, məktəb növbəti yığıncağını 2019-cu ilin aprel ayında Bakıda keçirəcək.

BSU-nun mətbuat xidməti