BSU-da məşhur psixoloqla seminar keçirilib  

     

     Aprelin 25-də Bakı Slavyan Universitetinin (BSU) Pedaqogika-psixologiya kafedrası nəzdində «Sosial-psixoloji xidmət» mərkəzi tərəfindən Sağlam Gələcək Mərkəzinin konsultantı, dünyaca məşhur psixoloq, yaşam koçu, art-terapevt Vita Greppo ilə seminar keçirilib. "RPT texnologiya - gələcəyin terapiyası" mövzusuna həsr olunmuş seminarın əvvəlində çıxış edən Pedaqogia-psixologiya kafedrasının müdiri, dosent Sevinc Axundova "Sosial-psixoloji xidmət" mərkəzinin fəaliyyəti barədə qonağa məlumat verib.

     Layihənin rəhbəri dosent Gülnarə Həsənova çıxışında qeyd edib ki, RPT - qısa müddətdə problemlərimizi müəyyən və kompleks şəklində həll edə bilən terapiya, ani şəxsi dəyişikliklərin texnikasıdır. G.Həsənova bildirib ki, travmatik situasiyalarda yaşanan mənfi emosiyalarımız hər zaman partlama təhlükəsi olan, daxilimizdə yuva quran, daha çox neqativi və ağrını özünə çəkən bombaya bənzəyir. Məhz adıçəkilən terapiya sayəsində biz uşaqlıq travmalarına təsir edə bilərik və enerji balansımızı bərpa edə bilərik.

    Sonra psixoloq Vita Greppo seminarın mövzusu barədə geniş məruzə ilə çıxış edib. V.Greppo gənclərin şəxsi dəyişikliklərinin yeni texnologiyası, Saymon Rouzun müəllif texnikası ilə bağlı bir sıra məsələlərə toxunub. Psixoloq emosional travma, neqativ hisslər, depressiya, qıcıqlanma, aqressiya, qorxu, nifrət, qısqanclıq və başqa problemlerdən xilas olmağın yollarından danışıb. Ailə problemləri, pis vərdişlər, sosial şəbəkələrdən asılılıq, psixosomatik xəstəliklərlə mübarizə barədə iştirakçılara yararlı məlumatlar verib.

     Seminar mövzu ətrafında müzakirələrlə davam edib. Psixoloq Vita Greppo müəllim və tələbələri maraqlandıran texnikanın praktikada istifadə edilmə imkanları, şüuraltı iş, ailə və nəsillər problemi, eyni zamanda, onların insan həyatına təsiri kimi sualları cavablandırıb.

BSU-nun mətbuat xidməti