BSU-da Hüseyn Cavidin 135 illiyinə həsr olunmuş debat keçirilib

    

     Aprelin 25-də Bakı Slavyan Universitetində Debat Klubu və beynəlxalq münasibətlər və regioşünaslıq fakültəsinin təşkilatçılığı ilə Azərbaycanın mütəfəkkir şairi, görkəmli dramaturq Hüseyn Cavidin 135 illiyinə həsr olunmuş “Hüseyn Cavid - şərəfli ömür yolu” diskussiya formatlı debat keçirilib.

      Debtadan əvvəl beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin dekanı, dosent Şirinbəy Əliyev universitetin Debat Klubunun fəaliyyətini yüksək qiymətləndirib, klub üzvləri tərəfindən hər zaman gəncləri maarifləndirmə istiqamətində maraqlı mövzular ətrafında diskussiyalar təşkil olunduğunu qeyd edib. Azərbaycanın, Türk Dünyasının ölməz şairi Hüseyn Cavidin özündən sonra qoyub getdiyi ədəbi irsin bu gün də gənclər tərəfindən öyrənilməsini müsbət hal kimi dəyərləndirən Şirinbəy Əliyev debatda iştirak edən tələbələrə uğurlar arzulayıb.

     Sonra beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin tələbələri arasında Hüseyn Cavidin həyat yolu, yaradıcılığı, xatirələri ilə bağlı diskussiya olub. Tələbələr müxtəlif mənbələr əsasında görkəmli şairin günümüzə gəlib çatan xatirlərindən, məktublarından hissələr səsləndiriblər.

     Diskussiya zamanı vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin qayğısı ilə ötən əsrin 70-ci illərindən etibarən Cavidin əsərləri nəşr olunmağa başlayıb, rus dilində 2 cildliyi işıq üzü görüb. Tələbələr qeyd ediblər ki, Ümummilli lider Heydər Əliyevin böyük cəsarət tələb edən addımlarından biri də Cavidin cənazəsinin 1982-ci ildə Uzaq Sibirdən Bakıya, noyabrın 2-də isə Naxçıvana gətirilməsi olub. Bu fakt keçmiş Sovetlər Birliyi məkanında repressiya olunmuş şəxsə dövlət səviyyəsində göstərilmiş münasibətin yeganə cəsarətli nümunəsidir.

     Debatın sonunda ekspertlərin fikirləri dinlənilib. Azərbaycan dili və onun metodikası kafedrasının müəllimi Yaqut Baxışova, beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin dekan müavini Lalə Mikayılzadə tələbələrin Hüseyn Cavid yaradıcılığını mükəmməl mənimsəmələrinə, dahi şairə göstərdikləri ehtirama görə minnətdarlıq ediblər.

     Sonra ekspertlər – Beynəlxalq münasibətlər kafedrasının müdiri, porfessor Habil Məmmədov, Azərbaycan multikulturalizmi kafedrasının müdiri, dosent Hacı Rauf və Tükologiya kafedrasının baş müəllimi Namiq Qafarov tələblərin çıxışları ilə bağlı öz rəylərini bildiriblər. Ekspertlər vurğulayıblar ki, 1992-ci il oktyabrın 23-də Naxçıvanda Hüseyn Cavidin 110 illik yubileyi təntənəli şəkildə qeyd edilib, həmin dövrdə Naxçıvanda Ali Məclisin Sədri işləyən Ümummilli liderimiz yubiley tədbirində Hüseyn Cavid haqqında dərin məzmunlu nitq söyləyib, böyük sənətkarın xatirəsinin əbədiləşdirilməsi ilə bağlı bir sıra məsələlərə toxunub. Bu gün dövlət tərəfindən Azərbaycanın ölməz sənətkarlarına göstərilən diqqət və qayğıdan danışan ekspertlər sonda gənclərə uğurlar arzulayıblar.

  BSU-nun mətbuat xidməti