Aprelin 18-də Bakı Slavyan Universitetində (BSU) Ulu Öndər Heydər Əliyevin 95 illiyinə həsr olunmuş bədii yaradıcılıq festivalının seçim mərhələsi olub.
BSU-da keçirilən seçim mərhələsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Fərəh Əliyeva, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, Komitənin şöbə müdiri Rüstəm Nəzirov, xalq şairi Baba Vəziroğlu, xalq artisti Təranə Muradova, bəstəkar Nailə Mirməmmədli münsif qismində iştirak ediblər.
Festivalın rəqs müsabiqəsi üzrə universitetin “Arzu” rəqs ansamblının ifasında milli rəqs, vals, pantomim rəqsi təqdim olunub. Mahnı müsabiqəsində tələbələrdən Rahim Qaraşov “Yaşa Azərbaycan”, Zaur Əliyev “Torpağın səsi”, Namiq Fərəcli xarici mahnı ilə çıxış ediblər. Şeir müsabiqəsi üzrə Səfiyyə Mustafayeva “Ulu Öndər”, Həcər Məmmədova “Sənin yerin görünəcək” şeirlərini ifa ediblər.
Qeyd edək ki, festival Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə ali məktəb tələbələrinə milli vətənpərvərliyi aşılamaq, onları mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etmək, eyni zamanda incəsənət sahəsindəki istedadlarını üzə çıxarmaq məqsədilə hər il ənənəvi olaraq keçirilir.
BSU-nun mətbuat xidməti