BSU ilə Ostrava Universiteti arasında müqavilə imzalanıb

              

     Aprelin 3-də Bakı Slavyan Universiteti (BSU) ilə Çexiya Respublikasının Ostrava Universiteti arasında əməkdaşlığa dair müqavilə imzalanıb.

     Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru, professor Nurlana Əliyeva BSU-nun slavyan ölkələrilə sıx əməkdaşlıq etdiyini bildirib. O, bu ölkələr sırasında Çexiyanın xüsusi yeri olduğunu qeyd edib. N.Əliyeva “ERASMUS+” çərçivəsində hələ 2012-ci ildən Çexiya Respublikasının Ostrava Universitetinin fəlsəfə fakültəsi ilə BSU arasında müqavilə imzalandığını vurğulayıb. Həmin müqaviləyə əsasən müəllim-tələbə mübadiləsi, birgə elmi nəşrlərin hazırlanması və bir sıra digər layihələr həyata keçirilib. Yeni müqavilənin isə artıq fakültə ilə universitet arasında deyil, universitetlər arasında imzalandığını bildirən rektor bu müqavilə əsasında BSU və Ostrava Universitetlərinin mübadilə üzrə doktorant hazırlığına başlayacaqlarını deyib.

     Ostrava Universitetinin professoru, Slavistika kafedrasının doktoru, fəlsəfə fakültəsinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Vityezlav Vilimek isə çıxışında qeyd edib ki, təmsil etdiyi universitet gənc olmasına baxmayaraq artıq dünyanın bir çox tanınmış universitetləri ilə yaxın əlaqələr qurub. Qonaq Bakı Slavyan Universiteti tərəfindən Çexiyada Azərbaycanşünaslıq Mərkəzinin açılması barədə qərardan məmnun olduğunu söyləyib. O, BSU müəllimlərinin Ostrava Universitetində Azərbaycan dilini tədris etməsinin ölkələrimiz arasında münasibətlərdə yeni mərhələ təşkil edəcəyini vurğulayıb. V.Vilmek onu da bildirib ki, Bakıda olacağı bir həftə ərzində BSU-da treninqlər keçirəcək.

     Sonda qonaq İqrar Əliyevin Çexiyada çap olunmuş “Əbədi odlar yurdu” və “Ostrava Universiteti-25” adlı kitabı BSU-ya bağışlayıb.

     BSU rəhbərliyi isə Bakı Slavyan Universitetinin 70 illiyinə həsr olunmuş kitabı qonağa hədiyyə edib.

BSU-nun mətbuat xidməti