BSU nümayəndələri  Qazi Universitetinə səfər ediblər

     İspaniyanın Valensiya Politexnik Universitetinin kordinatorluğu ilə Bakı Slavyan Universitetinin tərəfdaş olduğu ERASMUS+ beynəlxalq mübadilə proqramının “Azərbaycan Universitetlərində Tədris və Təlimin Təkmilləşdirilməsi” (PETRA) layihəsi çərçivəsində 2017-ci il noyabrın 19-dan 24-dək Türkiyənin Qazi universitetində silsilə seminarlar keçirilib. Layihənin əsas məqsədi Avropanın, o cümlədən Azərbaycanın bir sıra ali təhsil müəssisələrində tədris və təlimin təkmilləşdirilməsi sahəsində qarşılıqlı təcrübə mübadiləsinin, elmi tədqiqatlarının aparılmasıdır. Layihəyə tərəfdaş olan Azərbaycan Respublikasının Təhsil Nazirliyi və 8 Azərbaycan Universiteti - Xəzər Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Gəncə Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Universiteti və Avropadan Macarıstanın Debrecen Universiteti, Avstriyanın Vyana Tətbiqi Elmlər Universiteti, İspaniyanın Valensiya Politexnik Universiteti ev sahibi olan Türkiyənin Qazi Universitetində keçirilən seminarlarda iştirak ediblər. Təlimin gedişatın izləmək və müzakirələrdə iştirak etmək üçün BSU-nun Tədris işləri üzrə prorektoru, prof. Telman Cəfərov, Diplomatiya və xarici siyasət kafedrasının müdiri dos. Əsgər Əhməd, Beynəlxalq əlaqələr şöbəsinin müdiri, f.ü.f.d Ülviyyə Abbasova,  Diplomatiya və xarici siyasət kafedrasının müəllimi Natiq Abdullayev, Tərcümə fakültəsinin dekan müavini  Leyla Musayeva, İngilis filologiyası kafedrasının baş müəllimi Natəvan Babayeva, Multikulturalizm kafedrasının müəllimi Nərmin Elyasova və Xarici dillər kafedrasının müəllimi Leyla Quliyeva Türkiyə Respublikasının Ankara şəhərində səfərdə olublar.

     Seminarın ilk günündə  universitet nümayəndələri Qazi Universiteti ilə tanış olub, universitetin fakültələri, təlim-tədrisin təşkili, fənn laboratoriyaları və laboratoriyalarda təcrübələrin aparılması, müxtəlif dərslərdə öyrənmə və öyrətmənin yeni metodlarla təşkili haqqında geniş məlumatlar əldə edib, müxtəlif dərsləri əyani olaraq dinləyiblər. Universitet nümayəndələri Ulu öndər Mustafa Kamal Atatürkün məzarını ziyarət ediblər.

     Qazi Universitetinin əməkdaşları ilə tanış olan nümayəndələr tarix, ingilis dili dərslərində iştirak ediblər. Layihə çərçivəsində nəzərdə tutulan görüşdə universitetlərin nümayəndələri Xüsusi Təhsil fakültəsi, universitetin tərkibində fəaliyyət göstərən Təhsil Elmləri İnstitutu, kimya elmi-tədqiqat laboratoriyası, fizika elmi-tədqiqat laboratoriyası və biologiya elmi-tədqiqat laboratoriyalarının iş prinsipləri ilə tanış olublar.

     Sonra nümayəndələr Ankarada Ümummilli lider Heydər Əliyevin adını daşıyan parkı ziyarət ediblər.

     Təlim səfəri zamanı doktor Melike Özer Keskin və professor, doktor Fatih Taşarın dərslərində iştirak ediblər. Azərbaycan universitetilərinin nümayəndələri Məhəmməd Əmin Rəsulzadə adına liseyi ziyarət edərək oranın fəaliyyəti və nailiyyəti ilə tanış olmuş, sonra Məhəmməd Əmin Rəsulzadənin məzarını ziyarət ediblər.

     Səfərin sonuncu günündə tərəfdaş universitetlərin nümayəndələri Ankaradan 116 km məsafədə yerləşən Kızılcahamam ərazisində Coğrafiya fənni üzrə açıq havada keçirilən dərsdə iştirak edib, tələbələrin sərbəst fəaliyyətlərini və istifadə olunan təlim metodlarını  təhlil ediblər.