BSU-da beynəlxalq konfrans keçiriləcək

     Bakı Slavyan Universitetində (BSU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda beynəlxalq elmi konfransın hazırlığına başlanılıb. Konfransın 3-4 may tarixlərində keçirilməsi nəzərdə tutulub.

     “Azərbaycanşünaslıq” elmi-tədqiqat laboratoriyasının müdiri, hüquq elmləri üzrə fəlsəfə doktoru S.Məmmədov adıçəkilən tədbirin önəmindən danışarkən qeyd edib ki, konfrans Ulu Öndərin irsinin öyrənilməsində, təbliğ olunmasında mühüm rol oynayacaq: “Müasir Azərbaycan dövlətinin banisi, olan ulu öndər Heydər Əliyev respublikamızın dəyişməz və dönməz inkişaf strategiyasının müəllifi kimi əbədiyaşarlıq qazanmışdır. Zəmanəmizin ən görkəmli siyasi xadimi siyasi uzaqgörənliyi, qətiyyəti və əzmkarlığı ilə Azərbaycanın yeni tarixində dövlətçiliyimizin möhkəmlənməsinə, müstəqilliyimizin əbədi olmasına verdiyi töhfələrə görə xalqımızın Ümummilli Liderinə çevrilib. Bu gün Azərbaycanın dinamik sosial-iqtisadi inkişafı, ölkəmizin dünya birliyində öz yerini daha da möhkəmləndirməsi məhz Heydər Əliyevin zəngin siyasi-ictimai irsinin davam etdirilməsinin, ideyalarının yaşamasının nəticəsidir. Heydər Əliyevin zəngin siyasi və ictimai irsinin, dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq məfkurəsinin dərindən öyrənilməsi və geniş təbliğ olunması bütün Azərbaycan xalqının ümdə istəyidir. Ümummilli lider Heydər Əliyevin doğum gününün hər il ölkəmizdə geniş qeyd olunması da bu istəkdən və Ulu Öndərin əziz xatirəsinə xalqımızın dərin ehtiramından irəli gəlir.”

     S.Məmmədov vurğulayıb ki, konfrans günlərində dünyanın bir çox ali məktəblərinin, elm ocaqlarının, diplomatik korpuslarının diqqəti respublikamıza yönələcək. Bu, ölkələrimiz arasında inteqrasiyanın, elmi-mədəni münasibətlərin genişlənməsində mühüm rol oynayır.

     S.Məmmədov ölkə Prezidenti İlham Əliyevin 2018-ci ilin Azərbaycan Demokratik Cümhuriyyətinin 100 illik yubileyinin şərəfinə “Cümhuriyyət İli” elan etməsi ilə bağlı Sərəncamından irəli gələn vəzifələrin də konfrans materiallarında öz əksini tapacağını bildirib: “Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması isə milli-mənəvi dəyərlərimizə, tariximizə, keçmişimizə və bu günümüzə olan münasibətdir. Bu gün Azərbaycan güclü, dünyada söz sahibi olan dövlətdir. Müstəqil dövlətimiz elə qlobal layihələrin müəllifidir ki, bütün dünya Azərbaycanın önəmini etiraf edir. Bütün bunların bünövrəsi isə Azərbaycan Xalq Cümhuriyyəti dövründə qurulub. Prezident İlham Əliyevin bu qərarı Xalq Cümhuriyyətinə və onun qurucularına verilən yüksək dəyərdir.”

     O, Ümummilli Liderin tariximizə daim xüsusi həssaslıqla yanaşdığını vurğulayaraq həmin ənənənin ölkə Prezidenti tərəfindən ləyaqətlə davam etdirildiyini qeyd edib.

     Onu da vurğulayaq ki, konfransda iştirak edəcək ali təhsil müəssisələrinə, elmi-tədqiqat mərkəzlərinə artıq dəvətnamələr ünvanlanıb. Bu sırada Ukraynanın Çerniqov Milli Texnologiya Universiteti, Rusiya Ural Federal Universitetinin Sosial və Siyasi Elmlər İnstitutu, Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti, Kiyev Milli Linqvistik Universiteti, Ukraynanın Poltava İqtisadiyyat və Ticarət Universiteti, Maksim Tank adına Belarus Dövlət Pedaqoji Universiteti, Moskva Dövlət Linqvistik Universiteti və digər ali təhsil ocaqları vardır.

“İki sahil” qəzeti

Orxan Vahidoğlu