Rusiya Federasiyasının birinci və sonuncu dövlət katibi BSU-da qonaq olub

                                   

    Martın 16-da Rusiyanın görkəmli partiya və dövlət xadimi, Rusiya Federasiyasının birinci və sonuncu dövlət katibi, 2010-cu ildən Moskva Beynəlxalq Universitetinin politosofiya və fəlsəfə elmləri kafedrasının müdiri Gennadi Eduardoviç Burbulis Bakı Slavyan Universitetinin qonağı olub. Qonağı universitetin tədris işləri üzrə prorektoru, professor Telman Cəfərov, elmi işlər üzrə prorektor, professor Rafiq Novruzov, tərbiyə işləri üzrə prorektor Xanım Sultanova, beynəlxalq şöbənin müdiri Ülviyyə Abbasova və digər şəxslər qarşılayıblar.

   R.Novruzov universitetin Rusiya Federasiyasının ali məktəbləri ilə əlaqələrindən, tələbə-müəllim mübadiləsindən, BSU-da rus dili və ədəbiyyatının tədrisindən, universitetdə fəaliyyət göstərən Rusiya mədəniyyəti mərkəzinin həyata keçirdiyi tədbirlərdən danışıb. O, hazırda BSU-da bir çox ölkələrdən gəlmiş tələbələrin rus dilini və rus ədəbiyyatını öyrəndiyini bildirib.

   Tədris işləri üzrə prorektor, professor T.Cəfərov SSRİ dağıldıqdan sonra keçmiş sovet respublikalarının əksəriyyətində rus dilinə maraq azaldığı halda, Azərbaycanda bu marağın ildən-ilə artdığını bildirib. O, Bakı Slavyan Universitetində multikultural dəyərlərə xüsusi önəm verildiyini, tələbələrin humanist, insanpərvərlik ruhunda tərbiyə edilməsinin universitetin professor- müəllim heyətinin başlıca məqsədi olduğunu vurğulayıb.

   Gennadi Eduardoviç Burbulis ölkələrimiz arasında mehriban dostluq və qonşuluq münasibətlərinin bərqərar olmasında Ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışaraq bu siyasətin bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyib. O, BSU-da bütün slavyan dünyasının təmsil olunmasının Azərbaycanın Avropaya inteqrasiya prosesində ciddi əhəmiyyət kəsb etdiyini və qazanılan uğurlarda bunun xüsusi payı olduğunu dilə gətirib. Qonaq Azərbaycan Respublikasının hazırda Qafqaz və Orta Asiya regionları ilə əlaqələrin siyasi və iqtisadi mərkəzinə çevrilməkdə olduğunu da qeyd edib. G.E.Burbulis elm və texnologiyanın hazırkı inkişaf mərhələsində hər bir insanın planetimiz üçün narahatlıq keçirməyə borclu olduğunu söyləyib: “Ölkələr və xalqlar arasında dialoq və qarşılıqlı anlaşma başlıca şərtdir. Soyuq və qaynar müharibələr bəşəriyyəti fəlakətə sürükləyir, güc yolu ilə heç bir problemi həll etmək mümkün deyil”.

  Qonaq 1991-ci ildə SSRİ-nin ləğv edilməsinə imza atarkən məhz məqsədlərinin müasir dünyada soyuq müharibələrdən, qarşıdurmalardan qaçmaq olduğunu bildirib. O, artıq imperiyalar dövrünün başa çatdığını qeyd edib. Bununla bərabər, politoloq qeyd edib ki, dünya birqütblü olmaq əvəzinə, mürəkkəb və çoxqütblü olub.

   Görüşün sonunda G.E.Burbulis BSU-nun tələbələri qarşısında çıxış edərək onlara müasir dünyadakı real vəziyyətdən, dövlət katibi olduğu illərlə bağlı xatirələrini danışıb və suallara cavab verib.

BSU-nun mətbuat xidməti