BSU-nun müəllim və tələbələri sərgidə iştirak ediblər

                                     

     Martın 10-da Bakı Slavyan Universitetinin Filologiya və xarici dil müəllimliyi fakültəsinin müəllimləri və tələbələri Bakıda “Kapellhaus” Alman-Azərbaycan Mədəniyyət Birliyində almaniyalı rəssam Mişa Kubalın “Space-Speech-Speed” (işıq instalyasiyası) adlı sərgisində iştirak ediblər.

     BSU tələbələrinin sərgidə iştirakını təşkil edən Filologiya və xarici dil müəllimliyi fakültəsinin dekan müavini, dosent Sevinc Musayeva qeyd edib ki, Alman rəssamı Mişa Kubal əsərlərində işıq effektlərindən geniş istifadə edir və onu şəhər strukturunda fəaliyyət göstərən səmərəli vasitə kimi təsvir edir. Qırx ildir incəsənətlə məşğul olan rəssamın yaradıcılığında “az çoxdan yaxşıdır” prinsipi əsas götürülür və minimalizmin təsiri çox güclüdür. Sənətçi müsiqiçilərlə çoxsaylı əməkdaşlıq sayəsində öz instalyasiyası və səslər arasında bir simbioz yaradır. Onun bu günə qədər ən iddialı layihəsi olan “res.o.nant” hal-hazırda Berlin Yəhudi Muzeyində göstərilir. İnstalyasiya üçün xüsusi yaradılmış musiqili kompozisiyalarla yanaşı layihədə rəssamın elan etdiyi açıq konkursa cavab olaraq bütün dünya musiqiçiləri tərəfindən Kubala təqdim olunmuş 60 saniyəlik musiqi əsərlərindən də istifadə olunur.

     Sevinc Musayeva bildirib ki, BSU tələbələrinin belə möhtəşəm sərgidə iştirak etmələri onların dünyagörüşünün daha da zənginləşməsinə böyük zəmin yaradır. Sərgidə iştirak edən müəlim və tələbələr Mişa Kubalın yaradıcılığından olduqca məmnun qaldıqlarını deyiblər.