BSU dosenti Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində mühazirə deyib

                 

     Fevralın 27-də Bakı Slavyan Universiteti Jurnalistika kafedrasının dosenti  Mübariz Əhmədovun Bakı Dövlət Universiteti (BDU) Jurnalistika fakültəsinin I kurs tələbələri ilə görüşü olub və onlara "Azərbaycan mediasında bəzi etik problemlər" mövzusunda mühazirə deyib.

     Görüş BDU-nun Jurnalistika fakültəsinin dekanı, dosent Vüqar Əliyevin və bu fakültədə "Jurnalist etikası və kommunikasiya mədəniyyəti" fənnini tədris edən, dosent Sima Rəhimovanın dəvəti ilə baş tutub.

     Tələbələri Bakı Slavyan Universitetinin jurnalist tələbələri adından salamlayraq  mühazirəyə başlayan M.Əhmədov müasir Azərbaycan mediasında mövcud olan jurnalist etikasının bəzi problemlərindən söz açıb. Mühazirəçi nəzəri baxımdan jurnalist etikasının norma və prinsiplərinə, həmçinin jurnalistin peşə etikası kodeksinə əsaslanaraq elektron lövhədə müxtəlif nümunələr təqdim etməklə onun praktik tərəflərini müqayisəli şəkildə təhlil edib, müxtəlif xəbərlərdə yol verilmiş etik pozuntu hallarını tələbələrin diqqətinə çatdırıb.

     "Peşəkar jurnalist" anlayışı jurnalistin hazırladığı materialı yalnız janr nöqteyi-nəzərdən yaxşı yazması ilə bitmədiyini deyən M.Əhmədov, burada daha da önəmli olan amilin, yəni jurnalistin cəmiyyətə ötürdüyü informasiyanın jurnalist etikasının norma və prinsiplərinə uyğun olmasından - faktlara, həqiqətə, ümumiyyətlə  obyektivliyə söykənməsindən ibarət olduğunu qeyd edib.

     Mühazirəçi Azərbaycan mediasında, xüsusən də onlayn mediada yol verilən çoxsaylı etik pozuntuların əsas səbəbini burada çalışan insanların əksəriyyətinin ixtisasca jurnalist olmadığı üzündən baş verdiyini deyib. Bu üzdən də M.Əhmədov tələbələrə başqa fənlərlə yanaşı, "Jurnalist etikası və kommunikasiya mədəniyyəti" fənninə xüsusi diqqət yetirmələrini tövsiyə edib.

     Mühazirənin sonuna az qalmış BSU-nun dosenti gələcək jurnalistlərin mövzu ilə bağlı, eləcə də digər  maraqlı suallarını cavablandırıb.

     Sonda fakültə dekanı, dosent Vüqar Əliyev və "Jurnalist etikası və kommunikasiya mədəniyyəti" fənnini tədris edən, dosent Sima Rəhimova maraqlı mühazirəyə görə M.Əhmədova öz minnətdarlıqlarını bildiriblər.