BSU-da “Gənc Elçilər” proqramı çərçivəsində tədbir keçirilib

           

       Martın 2-də Bakı Slavyan Universitetində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) tərəfindən “Gənc Elçilər” proqramı çərçivəsində tədbir keçirilib.

     Tədbirdə BSU-nun tərbiyə işləri üzrə prorektoru, dosent Xanım Sultanova çıxış edərək ARGTMŞ-nin yaranması barədə məlumat verib. Prorektor qeyd edib ki, 1995-ci ildən bəri fəaliyyət göstərən qurum 20 il ərzində gənclərin bilik və bacarıqlarının inkişafında, beynəlxalq aləmdə layiqli yer tutmasında və demokratik quruculuq işlərinə yönəltmək istiqamətində müxtəlif layihələrə imza atıb. Xanım Sultanova deyib: “ARGTMŞ hazırda 124 gənclər təşkilatını, minlərlə gənci özündə birləşdirən konfederativ qurum kimi Azərbaycanın vahid gənclər platformasıdır. Dünyada baş verən qlobal dəyişikliklər və çağrışlar, Azərbaycan gəncliyinin dünyaya inteqrasiyası, onların yüksək səviyyəli beynəlxalq tədbirlərdə təmsilçiliyinin artması onu tələb etdi ki, ölkəmizi beynəlxalq arenada təmsil edəcək gənclərin yetişdirilməsi üçün xüsusi mexanizm, metodologiya yaradılsın. Bu səbəbdən, həmin gənclərin hazırlığı və beynəlxalq təmsilçilikdə iştirakı üçün “Gənc Elçilər” proqramının mühüm rolu vardır”.

     ARGTMŞ-ın beynəlxalq əlaqələr üzrə katibi İlhamə Qasımzadə “Gənc Elçilər” proqramı haqqında ətraflı məlumat verib. O bildirib ki, “Gənc Elçilər” proqramı 2017-ci ildən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi, Gənclər və İdman Nazirliyi və Gənclər Təşkilatları Milli Şurası tərəfindən həyata keçirilir. Fəaliyyət göstərdiyi bir il müddətində proqramdan 24 gənc məzun olub, 20-dən çox təlim, seminar, görüşlər keçirilib. İlhamə Qasımzadə proqramın əsas məqsədinin Azərbaycanı beynəlxalq arenada layiqli təmsil edəcək gənc elçilərin yetişdirmək, gənclərin beynəlxalq arenada mübadiləsini təşkil etməklə onların bu sahədəki təcrübələrini artırmaq və bu sahəyə verə biləcəkləri töhfələri üzə çıxarmaqdan ibarət olduğunu deyib. O qeyd edib ki, “Gənc Elçilər” proqramı çərçivəsində seçilmiş gənclər müvafiq mövzularda təminləndiriləcək, müxtəlif praktiki fəaliyyətlərə cəlb olunacaq, beynəlxalq tədbirlərdə Azərbaycanı təmsil etmək imkanı qazanacaqdır. İ.Qasımzadə “Gənc Elçilər” proqramına yeni iştirakçıların qoşulması üçün ərizə qəbuluna başlanıldığını diqqətə çatdırıb.

      Tədbirdə “Gənc Elçilər” proqramının bir il ərzində fəaliyyətini əks etdirən slayd təqdim olunub.

 BSU-nun mətbuat xidməti