BSU-nun Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsində Xocalı qurbanları anılıb

          Fevralın 26-da Bakı Slavyan Universitetinin Beynəlxalq münasibətlər və  Regionşünaslıq fakültəsində Xocalı faciəsinin 26-cı ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

     Mərasimin əvvəlində Xocalı soyqırımında şəhid olan, qətlə yetirilən günahsız insanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

     Anım mərasimini giriş sözü ilə açan Beynəlxalq münasibətlər və  Regionşünaslıq fakültəsinin dekanı, dosent Şirinbəy Əliyev Xocalı  faciəsi qurbanlarının xatirəsini dərin hüznlə yad edərək Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin tərkib hissəsi olan Xocalı soyqırımını XX əsrin ən dəhşətli qətliamlarından biri olduğunu bildirib. Şirinbəy Əliyev qeyd edib ki, Azərbaycan ərazisinin 20 faizinin işğal edilməsini, dinc insanların öldürülməsini, tarixi abidələrin vandalizmə məruz qalmasını dünya ictimaiyyətinə çatdırmaq hər birimizin vəndaşlıq borcudur. 

     Tədbirdə iştirak edən kafedra müdirləri, müəllimlər və tələbələr bir-birinin ardınca çıxış edərək Ermənistanın bir dövlət kimi terrorçu və işğalçı olduğunu qeyd edib, onların 26 il öncə Xocalıda törətdikləri insanlığa sığmayan hərəkətlərini birmənalı olaraq pisləyiblər.