BSU-da Xocalı faciəsi ilə bağlı anım mərasimi keçirilib

            

     Fevralın 26-da Bakı Slavyan Universitetində Xocalı faciəsinin 26-cı ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Mərasimin əvvəlində Xocalı soyqırımında həyatını itirən soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

     Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru, professor Nurlana Əliyeva faciə qurbanlarının xatirəsini dərin hüznlə xatırlayaraq Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin tərkib hissəsi olan Xocalı soyqırımından 26 il ötdüyünü qeyd edib. N.Əliyeva beynəlxalq hüququn norma və prinsiplərinin, insan hüquq və azadlıqlarının kütləvi şəkildə, kobudcasına pozulması ilə nəticələnən, bəşər tarixinə böyük qanlı faciə kimi daxil olan bu terror aktının Azərbaycan xalqının qan yaddaşında silinməz izlər qoyduğunu diqqətə çatdırıb. Rektor bildirib ki, Azərbaycanın 20 faiz torpağının işğal edilməsini, insanların öldürülməsini, tarixi abidələrin məhv edilməsini dünya ictimaiyyətinə çatdırmaq hər bir Azərbaycan vətəndaşının borcudur. Vətənpərvər ruhda böyüyən müasir Azərbaycan gənclərinin hər an döyüşə hazır olduqlarını vurğulayan N.Əliyeva 2016-cı ilin Aprel döyüşlərində ordumuzun göstərdiyi şücaəti bunun bariz nümunəsi olduğunu qeyd edib. O, ölkə daxilində, o cümlədən ölkədən kənarda Xocalı soyqırımını dünya ictimaiyyətinə çatdırmaq istiqamətində görülən işlərdən, təşkil olunan aksiya və tədbirlərdən söz açaraq həmvətənlərimizin Ümummilli lider Heydər Əliyevin Azərbaycançılıq ideologiyasını rəhbər tutaraq dövlət siyasətinə dəstək olduqlarını bildirib. Yaxın zamanda torpaqlarımızın düşmən tapdağından azad olunacağını əminliklə vurğulayan Nurlana Əliyeva gəncləri düşməndən qisas almaq üçün hər an hazır olmağa səsləyib.

     Tədbirdə çıxış edən Beynəlxalq münasibətlər kafedrasının müdiri, professor Habil Məmmədov qeyd edib ki, tarix boyu Azərbaycan xalqına qarşı qəsbkar siyasət yeridən ermənilərin Xocalıda törətdiyi kütləvi insan qırğını, ağlasığmaz qəddarlığı və işgəncələri birmənalı olaraq genosid faktıdır, erməni vəhşiliyinin bəşəriyyətə sübutudur. H.Məmmədov Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də bu soyqırıma obyektiv qiymət verilməsi istiqamətində davamlı olaraq addımlar atıldığını deyib. O bildirib ki, hazırda bu proses Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib.

           

     Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının müdiri, dosent Sadir Məmmədov çıxışında azərbaycanlılara qarşı erməni şovinist dairələrinin XIX-XX əsrlərdə mərhələ-mərhələ həyata keçirdiyi etnik təmizləmə siyasətinin tərkib hissəsi olan Xocalı soyqırımı barədə bir sıra tarixi faktlardan söz açıb. O deyib ki, Xocalı həqiqətləri dünya ictimaiyyətinə, xarici ölkələrin parlamentlərinə çatdırılmalı, Azərbaycan xalqının və ümumən insanlığın əleyhinə yönəldilmiş bu son dərəcə ağır hərbi cinayət beynəlxalq miqyasda öz hüquqi-siyasi qiymətini almalıdır. Sadir Məmmədov Ümummilli lider Heydər Əliyevin Xocalı soyqırımının əsl mahiyyətini açıqladığını, hələ 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisinin Xocalı soyqırımına hüquqi-siyasi qiymət verdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

     Xocalı şəhər Polis bölməsinin rəis müavini, polis polkovnik leytenantı Hafiz Ədilov fevralın 25-dən 26-na keçən gecə dinc, əliyalın əhaliyə qarşı törədilən qətliamı bir daha ürək ağrısı ilə yada salaraq 26 il keçməsinə baxmayaraq Azərbaycanın bu qanlı hadisəni unutmadığını, xalqımızın qəlbində erməni vandalizminə qarşı nifrətin getdikcə daha da artdığını söyləyib. Hafiz Ədilov Ermənistan silahlı qüvvələrinin bütün beynəlxalq hüquq normalarına zidd olaraq keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin iştirakı ilə yatan şəhərə hücum edib azərbaycanlılara qarşı soyqırım aktını törətməsi barədə ətraflı danışaraq həmin gün xalqın başına gətirilən müsibəti, canlı şahidi olduğu vəhşilikləri bir daha yada salıb.

     Sonra BSU-nun II kurs magistrantı Könül Əlizadə “Soyqırımın dünyada tanıdılması istiqamətində görülən işlər”, II kurs magistrant Natiq Nəsirov “Xocalı bizim yaddaşımızdır”, I kurs magistrant Röya Hüseynova “26 ildir həsrətini çəkdiyimiz Xocalının bu günü” adlı məruzə ilə çıxış ediblər.
Tədbir BSU-nun Magistratura Şurasının hazırladığı bədii hissə ilə davam edib. Bədii hissədə Xocalı faciəsinə dair video-çarx nümayiş olunub. Magistrantlar şəhidlərə həsr olunmuş şeirlər səsləndirib, bədii kompozisiya təqdim ediblər.

BSU-nun mətbuat xidməti