Rusiyalı tələbələr Bakının tarixi və mədəni yerlərində ekskursiyada olublar

                               

     Bakı Slavyan Universitetində dil təcrübəsi keçmək üçün 8-16 fevral tarixləri arasında Bakıya gələn Moskva Dövlət Linqvistik Universitetinin tərcümə fakültəsinin bir qrup III kurs tələbəsi proqram çərçivəsində fevralın 10-da Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət ediblər.

     Beynəlxalq şöbənin müdiri Ülviyə Abbasova rusiyalı tələbələri müşaiət edərək onlara Vətən uğrunda canından keçmiş şəhidlərimiz, habelə Fəxri Xiyabanda dəfn olunan Azərbaycanın görkəmli şəxsiyyətləri barədə ətraflı məlumat verib. Əcnəbi tələbələr şəhid məzarları önünə tər qərənfillər düzüblər.

     Növbəti gün fevralın 11-də rusiyalı tələbələr BSU-nun tərbiyə işləri üzrə prorektoru, dosent Xanım Sultanova ilə Bakının tarixi və mədəni yerlərində ekskursiyada olublar.  İçərişəhərin görməli yerləri əcnəbilərin marağına səbəb olub.

     Prorektorun müşaiəti ilə tələbələr Suraxanıda yerləşən tarixi Atəşgah məbədini də ziyarət ediblər. Ekskursiya çərçivəsində rusiyalı tələbələr Azərbaycan mətbəxi ilə də tanış olublar.

                                                                                    BSU-nun mətbuat xidməti