BSU-da 20 Yanvar faciəsinə həsr olunmuş anım mərasimi keçirilib

          

     Yanvarın 19-da Bakı Slavyan Universitetində 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş “Qəhrəmanlıq tariximiz” adlı anım mərasimi keçirilib. Anım mərasiminin əvvəlində Dövlət himni səsləndirilib, faciə qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

     Tədbirdə giriş sözü ilə çıxış edən tədris işləri üzrə prorektor, professor Telman Cəfərov 20 Yanvar faciəsindən 28 il ötməsinə baxmayaraq həmin məşəqqətli günlərin hər birimizin yaddaşına əbədi həkk olunduğunu bildirib. 
T.Cəfərov qeyd edib ki, 1990-cı ilin qanlı-qadalı günündə Azərbaycan xalqı istiqlal əzmini ortaya qoyaraq bu dəyər uğrunda canından keçməyə hazır yüzlərlə övladının olduğunu bütün dünyaya nümayiş etdirdi, Ulu öndər Heydər Əliyevin səyləri nəticəsində 20 Yanvar faciəsi barədə həqiqətlər üzə çıxdı. İllər ötsə də, 20 Yanvar şəhidlərinin xatirəsi hər zaman bizimlədir deyən Telman Cəfərov şəhidlərimizin xatirəsinin daim uca tutulduğunu, onların öz ölümləri ilə yaratdıqları qəhrəmanlıq nümunələrinin yeni nəsillərə çatdırılması, şəhid ailələrinin sosial müdafiəsi istiqamətində dövlət tərəfindən lazımi addımlar atıldığını diqqətə çatdırıb.

           

     Azərbaycanşünaslıq elmi tədqiqat laboratoriyasının müdiri, dosent Sadir Məmmədov 90-cı illərdə Azərbaycan xalqına qarşı törədilən qətliamları yada salaraq qeyd edib ki, bu tarix Azərbaycanın istiqlal yolunun zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü idi. S.Məmmədov deyib: “1990-cı ilin 20 yanvar günü uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda Sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğın hadisəsi törədildi. Bu qanlı hadisənin törədilməsində əsas məqsədlərdən biri öz haqlı tələblərini irəli sürən, bu tələblərə demokratik yollarla nail olmaq istəyən, suverenlik istəyində olan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını tanklar altında əzmək idi. Sovet imperiyası günahsız insanların qanını axıtsa da, xalqımıza qarşı misli görünməmiş qəddarlıq etsə də, istəyinə nail ola bilmədi, milli qürurumuzu qıra bilmədi”.

     Tədbirdə çıxış edən BSU-nun II kurs magistrantı Natiq Nəsirov gənc nəsli öz tarixi keçmişini unutmamağa səsləyərək 20 Yanvar hadisələrinə qədər Azərbaycan xalqına qarşı törədilən faciələrə bir daha nəzər salıb. N.Nəsirov zamanla repressiya qurbanı olmuş, öz vətənlərindən didərgin düşmüş, azadlıq uğrunda mübarizə aparan neçə-neçə qəhrəman övladların xatirəsini anaraq nitqini Xəlil Rza Ulutürkün sözləri ilə davam etdirib: “Vaxtilə Azərbaycan xalqına kibrit qədər dəyər verməyən Sovet imperiyası təsəvvür etmirdi ki, gün gələcək həmin xalq birləşib azadlıq alovunu yandıracaq”.

     Anım mərasimində BSU tələbələrinin və universitet nəzdindəki Məktəb-Lisey Kompleksinin (MLK) şagirdləri 20 Yanvar faciəsinə və şəhidlərə həsr olunmuş şeirlər səsləndiriblər.

                                                                      BSU-nun mətbuat xidməti