BSU-da “Açıq qapı günü” keçirilib


                            

     Yanvarın 10-da Bakı Slavyan Universitetində payız imtahan sessiyası ilə bağlı “Açıq qapı günü” keçirilib. Tədbirə ölkənin tanınmış təhsil ekspertləri, QHT təmsilçiləri, jurnalistlər və ictimaiyyət nümayəndələri qatılıb. Təhsil ekspertlərindən Nadir İsrafilov, Şahlar Əsgərov, Kamran Əsədov, KİV-dən AzTV, Space TV, “İki sahil” TV, AzərTac İnformasiya Agentliyi, “Yeni Azərbaycan”, “Azərbaycan müəllimi”, “Xalq” qəzeti, “525-ci qəzet”, “Respublika” qəzetlərinin, Azadinform, Bakıpost, Report, Azpress, Cumhuriyyət, Mediatv, Faktinfo, A24 saytlarının əməkdaşları iştirak ediblər.

     Qonaqları əvvəlcə BSU-nun rektoru, professor Nurlana Əliyeva qəbul edib və onlara imtahan sessiyası ərəfəsində universitetdə aparılan işlər, imtahanlara hazırlıq barədə məlumat verib. Rektor imtahan sessiyası ərəfəsində hər bir kursun tələbələri ilə ayrı-ayrılıqda görüş keçirdiyini, onlara öz tövsiyələrini verdiyini, imtahanlarda biliyin yeganə meyar olmasının izah edildiyini bildirib. O, imtahanlara hazırlıq üçün universitetdə bütün lazımi şəraitin yaradıldığını, məsləhət saatlarının keçirildiyini qeyd edib.

     Nurlana Əliyeva BSU-da 2017-2018-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının hazırda uğurla davam etdiyini bildirib. Rektor bildirib ki, universitetdə imtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması, daxil olan şikayətlərin qısa zamanda araşdırılıb müvafiq qərarların qəbul edilməsi üçün Operativ qərargah və Münaqişə komissiyası yaradılıb.

                   

     Rektor deyib: “Artıq 135-dən çox fənn üzrə imtahan təşkil olunub. N.Əliyeva imtahan prosesində operativliyin təmin edilməsi və şəffaflığın artırılması məqsədilə BSU-nun tədris işləri üzrə portalının “Modul 3” bölməsində bütün kurslar üzrə imtahaların nəticələrinin dərhal elan olunduğunu bildirib. Rektor  payız imtahan sessiyasında Azərbaycan universitetləri arasında ilk dəfə olaraq BSU-da tələbələr üçün imtahan qərargahı ilə canlı bağlantı imkanının yaradıldığını vurğulayıb. O, müvafiq portalda yaradılmış onlayn əlaqə bölməsindən təkcə tələbələrin deyil, valideynlərin də istifadə edərək onları maraqlandıran hər bir sualla bağlı dolğun cavab ala biləcəklərini, imtahan qərargahı ilə birbaşa əlaqə yarada biləcəklərini söyləyib.

     N.Əliyeva tətbiq edilən hər bir layihənin, hər bir proqramın başlıca məqsədinin imtahanlarda ədaləti və obyektivliyi təmin etməyə yönəldiyini bir daha xatırladıb. Sonra qonaqlar Operativ qərargaha gedib, işin gedişi ilə praktiki olaraq tanış olublar. Qərargahın rəhbəri, professor Rafiq Novruzov burada onlara qərargahın iş prinsipi, tətbiq olunan yeniliklər, şikayətlərin qəbul edilməsi, cavablandırılması və digər məsələlər barədə ətraflı məlumat verib. O, Bakı Slavyan Universitetinin iş prosesinin səmərəliliyini artırmaq üçün hər zaman innovativ layihələrə hazır olduğunu nəzərə çatdırıb. R.Novruzov bu ildən etibarən universitetdə “Elektron Universitet” layihəsinin tətbiqinə başlanılacağını, tədrisin təşkilinin, imtahan sessiyasının gedişinin və imtahanların yoxlanılması prosesinin elektronlaşdırılacağını qeyd edib. R.Novruzov hələlik bu prosesin başa çatmadığını vurğulayıb. Qərargah rəhbəri bildirib ki, şikayətlərə ilkin olaraq fakültələrdə təşkil olunmuş Münaqişə Komissiyalarında baxılır və yalnız şikayətçi razı qalmadığı halda problem Operativ Qərargaha ünvanlanır.

    Qonaqlar 3-cü, 4-cü və 5-ci mərtəbələrdə yerləşən auditoriyalarda keçirilən imtahanların gedişini izləyiblər. Onlar burada kameraların, ağıllı lövhələrin də iş prinsipləri ilə tanış olublar. Jurnalistlər imtahanların gedişinə mane olmamaq şərti ilə imtahan aparan müəllim və nəzarətçilərdən müsahibə alıblar.

     Qeyd edək ki, bu gün BSU-da keçirilən imtahanlarda 960 nəfər tələbə iştirak edib.

 

                                      BSU-nun mətbuat xidməti