BSU-da "Milli kimlik və Milli mənsubiyyət" mövzusunda elmi-seminar keçirilib

      

       Dekabrın 22-də Bakı Slavyan Universitetinin ikinci tədris binasının konfrans zalında "31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü"nə həsr edilmiş "Milli Kimlik və Milli Mənsubiyyət" haqqında elmi-seminar keçirilib.

    Tədbirdə Azərbaycan filologiyası və jurnalistika fakültəsinin dekanı, dosent Nuridə Novruzova, Müasir Azərbaycan dili kafedrasının müdiri, professor İkram Qasımov, Jurnalistika kafedrasının müdiri, dosent Şəlalə Həsənova, Gənc jurnalistlər klubunun sədri Mətin İsmayılov, Fakültə üzrə Tələbə Elmi Cəmiyyətinin sədri Elxan Həsənov və tələbələr iştirak edib.

    Tədbiri açıq elan edən Nuridə Novruzova insanların doğma yurdlarından uzaq düşməsi, vətəndən kənarda yaşadıqları problemlər, milli mənsubiyyətləri barədə  danışıb. İnsanlar müxtəlif səbəblərdən öz yerlərini dəyişmək məcburiyyətində qaldığını deyən N.Novruzova sərhədləri dəyişməklə insanın etnik düşüncəsində müəyyən problemlərin yarandığını, başqa dil mühitində yaşadığından öz doğma ana dilindən, milli mədəniyyətindən və milli kökündən uzaqlaşa bildiyini qeyd edib.  

     Tədbirin moderatoru Mətin İsmayılov əvvəlcə seminarda iştirak edənlərə minnətdarlığını bildirib. Daha sonra elmi seminarı təşkil etməkdə əsas prinsiplərdən danışıb. O bildirib ki, milli mənsubiyyət və milli kimlik Azərbaycan üçün ən aktual mövzulardan biridir. Sovetlər dövründə milli kimliklə bağlı xalqımızın çox böyük problemləri olub və bu problemlər müstəqillik dövründə də davam etməkdədir. Milli kimlik məsələsinə həm də kulturoloji məna ilə baxmalıyıq deyən M.İsmayılov milli kimliyin həyatımıza, gündəlik sosial vərdişlərimizə təsir edən bir məsələ olduğunu qeyd edib. Mustafa Kamal Atatürkdən misal gətirən Mətin İsmayılov “Nə Mutlu Türküm Deyənə” ifadəsinin sırf kulturoloji anlam daşıdığını söyləyib və burada insanın genetikasının rol oynadığını vurğulayıb.

    Müasir Azərbaycan dili kafedrasının müdiri, professor İkram Qasımov milli kimliyin əsas göstəricilərindən biri olan dildən danışıb. Dilin insan psixologiyasını müəyyənləşdirən amillərdən biri olduğunu qeyd edən professor, "Bəzən insanlar başqa ölkədə yaşayıb dildən uzaqlaşdıqları kimi, gələcək nəsilləri də dildən uzaqlaşdırırlar" - deyib. Dil hər bir xalqın milli kimliyinin göstəricisi və türk dillərinin sayılan dillərdən biri olduğunu bildirən İkram Qasımov bu dillərin qohum dillərdə birləşdiyini iştirakçıların diqqətinə çatdırıb.

    Seminarın təşkil edilməsində böyük əməyi olan, ideyanın təşəbbüskarı fakültə üzrə Tələbə Elmi Cəmiyyətin (TEC) sədri Elxan Həsənov Azərbaycan dövlətinin bu ərsəyə necə gəlib çıxması barədə danışıb. Azərbaycanda milli kimliyin formalaşmasını XIX-cı əsrin 2-ci yarısında baş verən sosial, iqtisadi, mədəni proseslərlə əlaqələndirən TEC sədri, milli kimlik barədə danışdığımız zaman ilk olaraq haqqında danışdığımız millətin etnik və ümumi tarixi, siyasi və iqtisadi vəziyyəti, eləcə də aid olduğu coğrafiyanı araşdırmağın əsas şərtlərdən biri  olduğunu bildirib.

     Tədbirdə iştirak edən tələbələr elmi seminarda müzakirəyə çıxarılan mövzu ilə bağlı maraqlı fikir mübadiləsi aparıblar.