BSU-da “Gəncsən? Başla!” kitabının təqdimatı keçirilib

 

     Dekabrın 25-də Bakı Slavyan Universitetində Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN Xidmət) sədrinin müşaviri Nadir Adilovun “Gəncsən? Başla!” kitabının təqdimatı keçirilib.

     Tədbiri giriş sözü ilə açan BSU-nun tərbiyə işləri üzrə prorektoru, dosent Xanım Sultanova “Gəncsən? Başla!” kitabı barədə iştirakçılara məlumat verib. X.Sultanova bildirib ki, “Gəncsən? Başla!” kitabının nəşri gənclərin şəxsi inkişafı üçün mühüm əhəmiyyətə malikdir. BSU tələbələrinin könüllülük fəaliyyətindən danışan prorektor qeyd edib ki, Bakı Slavyan Universiteti dövlətin gənclər siyasətini daim dəstəkləyir, gənclərin inkişafı yolunda mühüm addımlar atır. Kitabda müəllif tərəfindən könüllü olmaq, milli və beynəlxalq tədbirlərdə iştirak barədə ətraflı məlumatların olduğunu deyən X.Sultanova gəncləri bu kitabdan yararlanmağa səsləyib.

     Kitabın müəllifi, dosent Nadir Adilov çıxışında “Gəncsən? Başla!” kitabının “ASAN Könüllüləri Təşkilatı” və Azərbaycan Universitetinin gənclərin şəxsi inkişafı məqsədilə həyata keçirdiyi layihə çərçivəsində nəşr olunduğunu bildirib. O, qeyd edib ki, kitab tələbə və gənclərə düzgün planlaşdırmaq, xaricdə təhsil, özünə inam, beynəlxalq sertifikasiya proqramları, maliyyə savadlılığı, iş həyatı, uğurlu gələcək, asudə vaxtın səmərəli keçirilməsi, sosial işlərdə iştirak istiqamətində doğru yol göstərəcək. Müəllif kitabın satışından əldə edilən vəsaitin öz şəxsi təşəbbüsü ilə "Könüllü" Tələbə Təqaüd Proqramına yönəldiləcəyini vurğulayıb. Nadir Adilov diqqətə çatdırıb ki, 6 tələbə könüllüyə bu vəsaitin verilməsi nəzərdə tutulur. Müəllif çıxışının sonunda BSU tələbələrinin könüllük fəaliyyətini yüksək qiymətləndirərək ASAN Xidmətin ilk on nəfər könüllüsünün məhz Bakı Slavyan Universitetinin tələbələri olmasını xüsusi vurğulayıb.

    Sonra çıxış edən Azərbaycan Rus Gənclər Assosiasiyasının sədri, Rusiya Federasiyasında Təhsil Şirkətinin üzvü Roman Boriskin BSU gəncləri ilə görüşməkdən məmnunluğunu bildirib. R.Boriskin Azərbaycan Rus Gənclər Assosiasiyası tərəfindən gənclərin Rusiyada təhsil almaları istiqamətində həyata keçirilən layihələr, habelə təhsil proqramları barədə ətraflı məlumat verib. Gəncləri ictimai işlərdə fəal olmağa səsləyən Roman Boriskin qarşıdan gələn yeni il münasibətilə hər kəsi təbrik edib.

    Tədbirdə iştirak edən Azərbaycan Rus Gənclər Assosiasiyasının nümayəndələri də öz növbələrində gənclər üçün nəzərdə tutulmuş təhsil proqramları, Moskva, Sankt-Peterburq universitetlərinə tələbə qəbulu, buradakı təqaüd proqramları, ödənişli və ödənişsiz təhsil haqqında gəncləri məlumatlandırıblar.

   

      Sonra söz alan BSU-nun tədris işləri üzrə prorektoru, professor Telman Cəfərov maraqlı məlumatlara görə çıxışçılara təşəkkür edib, Bakı Slavyan Universitetinin beynəlxalq əlaqələrindən danışıb. T.Cəfərov Rusiyanın qabaqcıl universitetləri ilə BSU arasında bağlanan işlək müqavilələrdən söz açaraq tələbələrin xaricdə təhsil almaları üçün BSU-da yetəri qədər imkanların olduğunu diqqətə çatdırıb. Gəncləri bu imkanlardan yararlanmağa çağıran prorektor peşə seçimində gəncləri düzgün istiqamətləndirməyin önəmini qeyd edib. “Gəncsən? Başla!” kitabının bu yöndə gənclərə köməklik göstərəcəyini deyən Telman Cəfərov ASAN Xidmətdə istehsalat təcrübəsinə gedən tələbələrin fəallığını yüksək qiymətləndirib.

     BSU-nun I kurs magistrantı Tural Comərdoğlu və III kurs tələbəsi Nilufər Hacızadə “Gəncsən? Başla!” kitabı ilə bağlı oxucu təəssüratlarını bölüşüblər. Kitabda gənclərin öz karyerasını, uğurlu gələcəyini qurmaq üçün praktiki məsləhətlər verildiyini deyən oxucular yekun olaraq bildiriblər ki, bu kitab tələbələrə uğurlu bir məzun olmağın yollarını izah edir.

      Tədbirin sonunda Nadir Adilov imzaladığı kitabları tədbir iştirakçılarına və BSU-nun kitabxanasına hədiyyə edib.

                                                                             BSU-nun mətbuat xidməti