BSU-nun “Moskva auditoriyası”nda bədii gecə keçirilib

         

     Dekabrın 25-də Bakı Slavyan Universitetinin Rusiya tədris-mədəniyyət mərkəzinin “Moskva auditoriyası”nda XX əsrin görkəmli rus şairi Marina Svetayevaya həsr edilmiş bədii gecə keçirilib. Tədbirin əvvəlində Rusiya tədris-mədəniyyət mərkəzinin müdiri Gülnarə Novruzova bədii gecənin əhəmiyyətindən danışıb, şairin poeziyasının üslub xüsusiyyətlərindən geniş söhbət açıb.

     Sonra söz alan Rus ədəbiyyatı kafedrasının dosenti Xuraman Mürsəliyeva görkəmli ədibin həyatı, bədii yaradıcılığı barədə geniş məruzə ilə çıxış edib. X.Mürsəliyeva Marina Svetayevanın keşməkeşli həyat yolundan danışaraq bildirib ki, o, şair olmaqla bərabər, həm də roman yazarı və tərcüməçi idi. Ziyalı ailədə dünyaya göz açan Marina Svetayevanın uşaqlıq illəri barədə məlumat verən Xuraman Mürsəliyeva bildirib ki, onun atası İvan Svetayev dövrünün maarifçisi və  Rusiyada ilk Dövlət Təsviri İncəsənət muzeyinin yaradıcısı olub. O qeyd edib ki, şairin Polşa-alman əsilli anası bir pianist kimi qızını da musiqiçi görmək istəyirdi. Lakin M.Svetayeva şair olmaq arzusunu reallaşdırıb. Məruzəçi Marina Svetayevanın altı yaşında rus, fransız və alman dillərində şeirlər yazdığını deyərək onun XX əsrdə Rusiya inqilabı dövründə başına gələn hadisələrdən də söz açıb.

     Azərbaycan Yazıçılar İttifaqının üzvü, tərcüməçi Alina Talıbova tədbirin təşkilatçılarına minnətdarlığını bildirərək Moskvada keçirilən beynəlxalq festival zamanı Marina Svetayevanın ev muzeyində çəkilən xatirə şəkillərindən ibarət slaydı təqdim edib. Slaydda həmçinin Tatarıstanın Yelabuqa şəhərində Marina Svetayevaya məxsus ev və onun məzarının görüntüləri də öz əksini tapıb.

     Bədii gecənin davamında tələbələr görkəmli şairin məşhur şeirlərini rus dilində səsləndiriblər.

    Sonda pedaqoji fakültənin dekan müavini Nailə Xəndan qızı Aydan Xəndan tərəfindən Azərbaycan dilinə tərcümə olunan Marina Svetayevanın şeirini oxuyub.

                                                                                         BSU-nun mətbuat xidməti