BSU-da “Nə? Harada? Nə zaman?”

      

     Dekabrın 15-də Bakı Slavyan Universitetinin İntellektual Oyunlar Klubunun təşkilatçılığı ilə tələbə təşkilatları arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib. Yarışda BSU-nun İntellektual Oyunlar Klubu (İOK), Gənc Jurnalistlər Klubu (GJK), Tələbə Həmkarlar Təşkilatının (THT) iki komandası, Tələbə Xeyriyyə Fondu (TXF), Tələbə Gənclər Təşkilatı (TGT), Debat Klubu, Ədəbiyyat Klubu, Azərbaycanşünaslıq dərnəyi, Gənc Diplomatlar, Yeni Azərbaycan Partiyası Gənclər Birliyi (YAP GB) təşkilatları həmrəylik kuboku uğrunda mübarizə aparıblar.

    Yarış başlamamışdan öncə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Himnin ardından tərbiyə işləri üzrə prorektor, dosent Xanım Sultanova yarışda iştirak edən tələbələrə uğurlar arzulayıb.

     Sonra BSU İntellektual Klubunun Filologiya və xarici dil müəllimliyi fakültəsi üzrə sədri Şəmsi Məmmədov oyunun qaydaları barədə iştirakçılara məlumat verib. 36 sualdan ibarət olan oyunun üç tur təşkil etdiyini deyən Ş.Məmmədov sonda qaliblərin kubok, medal və diplomlarla təltif ediləcəyini bildirib.

     Son turda 1-ci yer məlum olsa da 2-ci yerin sahibini müəyyənləşdirmək məqsədi ilə suallara eyni sayda doğru cavab verən İOK və GJK komandaları üçün yenidən fərqli suallar səsləndirilib və 2-ci yerin sahibi də məlum olub. Turnirin sonunda qaliblər müəyyənləşib. I yerə 9 suala doğru cavab verən Tələbə Həmkarlar Təşkilatının “THT-1” adlı komandası, II yerə 8 suala doğru cavab verən Gənc Jurnalistlər Klubunun komandası, III yerə isə 7 suala doğru cavab verən İntellektual Oyunlar Klubunun komandası çıxıb.

     Qalib komandalar kubok, medal və diplomlarla mükafatlandırılıblar. Oyunda iştirak edən digər komandalar, habelə yarışda əməyi keçən münsif heyəti və sekundatlar sertifkatla təltif olunublar.