Rusiyanın Azərbaycandakı səfirinin müşaviri BSU-da qonaq olub

     Dekabrın 13-də Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin müşaviri İqor Yeronin Bakı Slavyan Universitetində qonaq olub. Müşaviri universitetin rektoru, professor Nurlana Əliyeva qəbul edib. Görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında təhsil sahəsində əlaqələr, tələbə və müəllim mübadiləsi və digər məsələlər barədə müzakirələr aparılıb.

        Rektor, professor Nurlana Əliyeva BSU-nun Azərbaycanda rusiyaşünaslığın və slavyanşünaslığın əsas mərkəzi olduğunu qonağın diqqətinə çatdırıb. Universitetin rus dili və ədəbiyyatının tədrisi üzrə tarixi ənənələrin olduğunu bildirən rektor hazırda universitetin bir çox xarici ölkələrin ali məktəbləri ilə də sıx əməkdaşlıq etdiyini deyib.

        Azərbaycana yeni gəldiyini bildirən səfirlik nümayəndəsi ölkələrimiz arasındakı əlaqələrin qarışılıqlı etimada söykəndiyini vurğulayıb. O, Azərbaycanda müsbət tarixi ənənələrin qorunmasının şahidi olduğunu və bundan məmnunluq duyduğunu qeyd edib.

     Görüş daha sonra elmi işlər üzrə prorektor, professor Rafiq Novruzovun yanında Azərbaycan multikulturalizminin təcrübəsinin öyrənilməsi və tətbiqi məsələlərinin müzakirəsi ilə davam edib. Müzakirələrdə Azərbaycan multikulturalizmi kafedrasının müdiri, dosent Rauf Hacı, Maya Cəfərquliyeva iştirak edib, bir sıra səmərəli təkliflərlə çıxış ediblər.

 BSU-nun mətbuat xidməti