BSU nümayəndəsi Moskvada beynəlxalq elmi-praktik konfransda çıxış edib

   

     Bakı Slavyan Universitetinin təcrübə və məzunların karyera inkişafı şöbəsinin müdiri, dosent Yaşar Alxasov Moskva şəhərində Rusiya Xalqlar Dostluğu Universiteti (RXDU) və Beynəlxalq Rus Dili və Ədəbiyyatı Müəllimləri Assosiasiyasının (МАПРЯЛ) birgə təşkil etdikləri “Bilinqvizmdən translinqvizmə doğru: lehinə və əleyhinə” adlı beynəlxalq elmi-praktik konfransda iştirak edib. Konfransa Azərbaycan, Çin, ABŞ, İspaniya, İtaliya, Bolqarıstan, Belarus, Slovakiya, Sloveniya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Moldova, Gürcüstan, Kipr, İran və digər ölkələr daxil olmaqla 20-dən çox dövlətin aparıcı ali təhsil müəssisələri və elmi mərkəzlərinin təmsilçiləri qatılıb.

     BSU-nun nümayəndəsi plenar və bölmə iclaslarında çıxış edərək, Bakı Slavyan Universiteti haqqında geniş məlumat verib, universitetin rektoru, professor Nurlana Əliyevanın adından Təşkilat komitəsinin sədri, RXDU-nun Əlavə təhsil üzrə prorektoru Anjela Doljikovaya hədiyyə təqdim edib.

     Y.Alxasovun “Azərbaycan Respublikasında bilinqvizmin formalaşması problemləri” adlı məruzəsi konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb. Plenar iclasdan sonra Y.Alxasov RXDU-nun prorektoru Anjela Doljikova ilə görüşüb və BSU-nun bazasında region mütəxəssisləri üçün müxtəlif dil və stajkeçmə kurslarının təşkilinə dair layihələrin reallaşması barədə qarşılıqlı razılığa gəlinib.

     Qeyd edək ki, dünya üzrə nüfuzlu ali məktəblərin ilk 50-liyinə daxil olan Rusiya Xalqlar Dostluğu Universiteti 5 fevral 1960-cı ildə təsis edilib. Universitetdə hazırda 152 ölkədən 27 min tələbə təhsil alır. Universitetə dünya şöhrətli alim, riyaziyyat üzrə akademik, 1998-2004-cü illərdə Rusiyanın təhsil naziri olmuş, hazırda Rusiya Federasiyası Ali Attestasiya Komissiyasının sədri Vladimir Mixayloviç Filippov rəhbərlik edir.

 

                                                                      BSU-nun mətbuat xidməti