BSU-da “Almaniyada yay dil kursları və təqaüdlər” mövzusunda tədbir keçirilib

    

     Noyabrın 24-də Bakı Slavyan Universitetinin Alman filologiyası kafedrasının təşkilatçılığı ilə “Almaniyada yay dil kursları və təqaüdlər” mövzusunda tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Alman filologiyası kafedrasının müdiri, dosent Sevinc Rzayeva tədbirin mahiyyəti barədə iştirakçılara məlumat verib.

     Sonra DAAD-ın (Alman Akademik Mübadilə Xidməti) əməkdaşı Rəna Hüseynova tələbələrin Almaniyada yay dil kursuna müraciəti barədə təqdimatla çıxış edərək Azərbaycanda DAAD təşkilatının fəaliyyəti və təqaüdlə Almniyaya təhsil almağa gedən tələbələr barədə ətraflı məlumat verib. O qeyd edib ki, DAAD Almaniya tərəfindən dəstəklənən alman ali məktəblərinin beynəlxalq əməkdaşlıq sahəsində ən böyük maliyyələşdirici qurumudur.

     Bildirilib ki, dünyada DAAD şəbəkəsi 60-dan artıq ölkədə 15 xarici nümayəndəlik, 56 məlumat mərkəzi və 500-dən artıq lektor və dil mütəxəssisləri ilə təmsil olunur. Azərbaycan müstəqillik qazandıqdan sonra DAAD Azərbaycanda 1997-ci ildən yerli lektorluq kimi fəaliyyət göstərməyə başlayıb və 2004-cü ildən Bakı Məlumat Mərkəzi olaraq DAAD dünya şəbəkəsinə daxil olub.

      Tədbirin davamında tələbələrin sualları cavablandırılıb və onlara broşürlər paylanılıb.