BSU-nun dosenti Milli Dirçəliş Günü ilə bağlı Saatlıda mühazirə deyib

         

     Noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun mühazirəçisi, Bakı Slavyan universitetinin Jurnalistika kafedrasının dosenti Mübariz Əhmədov Saatlı şəhər Tibb Kollecində Milli Dirçəliş Günü ilə bağlı "Azərbaycan xalqının inkişaf yolu" mövzusunda mühazirə deyib.

     Mühazirədə Bilik Fondunun Saatlı şöbəsinin rəhbəri Təranə Babayeva, Tibb Kollecinin direktoru Kamal Mürsəlov, direktor müavini Sevinc Məmmədova və tələbələr iştirak ediblər.

     Mövzu ilə bağlı tələbələrə qısa arayış verən Təranə Babayeva sözü mühazirəçiyə verib. 

    Mühazirəçi M.Əhmədov tələbələri salamlayaraq, Milli Dirçəliş Günü münasibətilə bütün iştirakçıları təbrik edib, bu günün mahiyyəti və Azərbaycan xalqının inkişaf yolundan geniş söz açıb. O, 1988-ci ildən başlayaraq Ermənistanın Azərbaycana qarşı torpaq iddiaları, SSRİ rəhbərliyinin Dağlıq Qarabağ separatçılarına dolayısı ilə dəstək verməsi, Bakıda tələbə hərəkatı fəallarının başlatdığı etiraz aksiyalarının  ümummilli mitinqlərlə nəticələnməsi, SSRİ daxili qoşunları tərəfindən bu mitinqlərin dağıdılmasına baxmayaraq Kremlin Azərbaycan xalqının milli azadlıq hərəkatının qarşısını ala bilməməsi və 1988-ci ilin noyabrın 17-dən başlayan meydan hərəkatının bugünkü azad Azərbaycanın təməlini qoyduğunu qeyd edib.

     Lakin o dövrdə bir-birinin ardınca hakimiyətə gələn ölkə rəhbərlərinin siyasi səriştəsizlikləri və iradəsizlikləri, Dağlıq Qarabağ problemi azmış kimi Azərbaycanda vətəndaş müharibəsinin alovlanmasına gətirib çıxardığını deyən mühazirəçi, xalqın bu çətin günündə dünya siyasət arenasında xüsusi yeri olan Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra siyasi çəkişmələrə və digər  təhlükələrə son qoyulduğunu vurğulayıb.

     M.Əhmədov bildirib ki, Heydər Əliyevin səyi nəticəsində Ermənistanla Azərbaycan arasında atəşkəs rejiminə və Azərbaycanda siyasi sabitliyə nail olunduqdan sonra bir sıra beynəlxalq layihələrin həyata keçirilməsi ölkənin iqtisadi baxımdan yüksəlməsinə şərait yaradıb.

     "Əsrin müqaviləsi" adlanan Bakı-Tiflis-Ceyhan neft və Bakı-Tiflis-Ərzurum qaz kəmərləri Azərbaycan iqtisadiyyatında əsaslı şəkildə dönüş yaratdığını qeyd edən mühazirəçi, bu kimi önəmli layıhələrin davamı olaraq Bakı-Tiflis-Qars dəmiryolu xəttinin açılışı, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi haqqında razılaşmalar Azərbaycanın qeyri neft sektorunun inkişafına daha da təkan verəcəyini qeyd edib.

     Dağlıq Qarabağ probleminin həlli istiqamətində ölkə Prezidenti cənab İlham Əliyevin qətiyyətli olduğunu, Ermənistana, eləcə də separatçı rejimə heç bir güzəştin olunmayacağından xüsusi olaraq söz açan jurnalist M.Əhmədov ötən ilin aprel döyüşlərində xalqla hakimiyyətin vahid mövqedən çıxış etdiyini gənclərin diqqətinə çatdırıb. O, Qarabağ müharibəsinin hələ bitmədiyini, gec-tez bu məsələnin beynəlxalq hüquq normalarına uyğun şəkildə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapacağına inandığını bildirib.

    M.Əhmədov Milli dəyərlərimizin dünyada təbliği, Azərbaycan muğamının YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına salınması, Bakıda muğam evinin, xalça muzeyinin açılması, ermənilərin mədəni irsimizi özününküləşdirməsi və ya oğurlamasına qarşı görülən işlərdə, eləcə də digər bu kimi məsələlərdə I vitse prezident Mehriban Əliyevanın rolunu xüsusi vurğulayıb. 

    2015-ci ildə Birinci Avropa oyunları idman yarışlarının Bakıda keçirilməsinə toxunan mühazirəçi Azərbaycanın irimiqyaslı yarışların keçirməsində Avropa ölkələrindən heç də geridə qalmadığını təsdiq etməsi kimi qiymətləndirib.

    M.Əhmədov qeyd edib ki, Azərbaycan xalqı multikultural dəyərlərə önəm verən, bütün dünya xalqlarının milli-mənəvi dəyərlərinə, mədəniyyətlərinə böyük ehtiramla yanaşan tolerant bir xalqdır. Tolerantlıq və multikultural dəyərlərə hörmət etmək Azərbaycan xalqının milli mentalitetindən yaranan həyat tərzidir deyən M.Əhmədov 2016-cı ilin Azərbaycanda "Multikulturalizm ili" elan olunduğunu heç də təsadüf olmadığını qeyd edib.

     Dünyada İslam dinini qəsdən gözdən salmaq istəyənlərə və "islamafobiya" kimi bir termin yaradanlara qarşı bu ilin Azərbaycanda "İslam Həmrəyliyi ili" elan olunması, IV İslam Həmrəyliyi Oyunları idman yarışının Bakıda keçirilməsinin layiqli bir cavab olduğunu deyən mühazirəçi, Azərbaycan xalqının 95%-nin müsəlman dininə etiqat etməsinə baxmayaraq bütün dinlərə hörmətlə yanaşdığını qeyd edib.  

     Sonda tələbələrə bir sıra tövsiyələrini bildirən mühazirəçi, onlara dərslərini yaxşı oxumalarını, sosial şəbəkələrdən istifadə edənlərə yad təsirlər altına düşməmələri üçün diqqətli olmalarını deyib.

     Mühazirəni yüksək dəyərləndirən Tibb Kollecinin direktoru Kamal Mürsəlov mühazirəçiyə, Təranə Babayevaya və Bilik Fondunun rəhbərliyinə öz dərin minnətdarlığını bildirib, belə mühazirələrin gənc nəslin maariflənməsində mühüm rol oynadığını deyib.